Orxan Hüseynov: Bu mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq
“Bu dəfə həm iştirakçı komandaların sayı, həm də format baxımından dəyişikliklər edilib”
Sportify.az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov minifutbol üzrə Ölkə Çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimində çıxışı zamanı deyib.
“Bildiyiniz kimi, Premyer Liqa çempionatı artıq səkkizinci dəfə keçiriləcək. Azərbaycan Premyer Liqasına ilk dəfə 2018-ci ildə start verilib. Bu dəfə həm iştirakçı komandaların sayı, həm də format baxımından dəyişikliklər edilib.
Çempionatda 12 komanda iştirak edəcək. Komandaların sayının artırılması rəqabətin daha da güclənməsinə xidmət edən əsas amillərdən biridir. Biz də bunu əsas şərtlərdən biri kimi müəyyənləşdirmişik.
İlk dəfə pley-off mərhələsində altı komanda mübarizə aparacaq. Diqqətinizə çatdırmaq istəyirəm ki, liqa mərhələsi iki dövrədən, yəni ev və səfər oyunlarından ibarət olacaq.
Liqa mərhələsini ilk iki pillədə başa vuran komandalar birbaşa növbəti mərhələyə yüksələcəklər. Onların rəqibləri isə üçüncü, dördüncü, beşinci və altıncı yerləri tutan komandalar arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.
Burada diqqətinizə çatdırmaq istədiyim daha bir məqam var. Bildiyiniz kimi, ötən il Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı və dəstəyi ilə muxtar respublikada ilk dəfə minifutbol çempionatı keçirilib. Həmin yarışda Naxçıvan Futbol Federasiyasının sədri Rauf Əliyev də iştirak edib. Final günündə isə federasiya rəhbərliyinin nümayəndələri, o cümlədən icra nümayəndəsi Nicat Qasımov tədbirə qatılıb. Yarışın sonunda qaliblər mükafatlandırılıblar.
Əldə olunan razılaşmaya əsasən, liqa mərhələsi başa çatdıqdan sonra Naxçıvan təmsilçisi çempionatda ilk dördlükdə yer alan komandalar uğrunda mübarizəyə qoşulacaq və liqanı altıncı pillədə başa vuran komanda ilə bir oyundan ibarət pley-off matçı keçirəcək.
Həmin oyunun qalibi digər üç komanda ilə birlikdə növbəti mərhələdə mübarizə aparacaq. Daha sonra qaliblər yarımfinalda liqa mərhələsinin ilk iki pilləsini tutmuş komandalarla iki oyundan ibarət qarşılaşmalarda üz-üzə gələcəklər.
Çempionatın başa çatma tarixi, təbii ki, dünya çempionatının başlanma vaxtı nəzərə alınmaqla müəyyənləşdiriləcək. Bir neçə aydan sonra Premyer Liqanın təşkilatçıları çempionatın hansı ayda başlayacağı ilə bağlı rəsmi məlumat verəcəklər. Biz də buna uyğun olaraq yarışın təqvimini hazırlayacağıq.
Böyük ehtimalla, çempionatın final oyunu fevralın sonu və ya martın əvvəlinə təsadüf edəcək. Bundan sonra milli komandanın dünya çempionatına hazırlıq prosesi başlayacaq.
Çempionat boyunca komandaların çıxışları federasiya tərəfindən daim izləniləcək. Oyunçuların performansı qiymətləndiriləcək və milli komandaya cəlb oluna biləcək futbolçular müəyyənləşdiriləcək. Çempionat başa çatdıqdan bir neçə həftə sonra milli komandanın təlim-məşq toplanışı başlayacaq.
Hazırlıq prosesi iki mərhələdən ibarət olacaq. Birinci mərhələ çempionatın yekunlarına əsasən müəyyənləşdirilən futbolçuların hazırlığını, ikinci mərhələ isə xarici ölkədə keçiriləcək hazırlıq prosesini əhatə edəcək. Bütün bu məsələlər planlı şəkildə həyata keçiriləcək.
Çempionatın əsas məqsədlərindən biri ölkədə minifutbolun kütləviliyini artırmaqdır. Digər mühüm məqsəd isə milli komandamızın gücünü artırmaq və beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etməsinə töhfə verməkdir.
Ümid edirik ki, hər il olduğu kimi, bu mövsüm də qarşımıza qoyduğumuz vəzifələrin öhdəsindən uğurla gələcəyik.
Bir daha çempionata hazırlaşan bütün komandalara uğurlar arzulayıram. Yarışda iştirak edəcək kollektivlərə məqsədləri uğrunda əzmlə mübarizə aparmağı və qaydalara əməl etməyi tövsiyə edirəm.
Çempionatda komandalarımız beynəlxalq turnirlərdə iştirak etmək hüququ uğrunda da mübarizə aparacaqlar. Azərbaycan Minifutbol Federasiyasının müəyyən etdiyi kvotalara əsasən, komandalarımız Avropa miqyaslı yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Çempionatın yekunlarına əsasən, ilk iki yeri tutan komandalar Avropa çempionlar liqasında, üçüncü və dördüncü pillələrin sahibləri isə Avropa kuboku turnirlərində iştirak hüququ əldə edəcəklər”.
Bahar Rüstəm



No Comment! Be the first one.