Kovaç “Sabah”ı təriflədi: Çox ciddi qəbul olunmalı rəqibdir
“Bizim üçün çox vacib qələbə oldu. Təbii ki, oyundan razıyıq. Xüsusən hücumda çox yaxşı oynadıq və bu qələbəni qazandıq”.
Sportify.az xəbər verir ki, bunu Almaniyanın “Borussiya Dortmund” komandasının baş məşqçisi Niko Kovaç Bakıda “Sabah”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur matçından sonra keçirilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis çox güclü komandaya qarşı mübarizə apardıqlarını bildirib. O, ələ düşən şanslardan yararlanmağı bacardıqlarını söyləyib:
“Komandamdan razıyam. Bir həftə ərzində üçüncü səfər matçımızdan qələbə ilə ayrıldıq. İlk 10 dəqiqə ərzində rəqib qapısına 5 zərbə vurduq. Əsində bu epizodların yekunu olaraq, 2-3 qol da vura bilərdik. Məqsədimiz erkən qollar vurmaq idi. Müəyyən müddətdən sonra oyun bir qədər sakitləşdi. Azarkeşlərin təzyiqi, ümumi ab-havanın təsirindən əlavə, müəyyən səhvlərimiz də oldu. Top itkilərinə yol verdik. 4-1-4-1-dən 4-2-1-3-ə keçdik. Hücumçularımıza oynamalarından ötrü daha geniş meydan açdıq. Bundan rəqib yaxşı istifadə edərək, meydanın müəyyən hissələrində boşluqlar tapdı, oyunu sabitləşdirməyə nail oldu. Əslində bizim addımlarımız qarşı tərəfə ümid verdi. Bu ümid rəqibin psixoloji üstünlüyünə və qol vurmasına gətirib çıxardı. “Sabah”ın bu taktiki gedişlərdən istifadə etməsi çox yaxşı idi”.
O, Azərbaycan təmsilçisinin çıxışından xeyli razı qaldığını da vurğulayıb:
“Rəqibimiz də çox yaxşı oynadı. “Sabah” asan yox, çox ciddi qəbul olunmalı rəqibdir. Onları belə oyunları münasibətilə təbrik edirəm. Çoxları düşünürdü ki, Norveçdə “Budö Qlimt”lə, Azərbaycanda isə “Sabah”la oyunlarımız çox asan keçəcək. Hər ikisi futbol ölkələridir. “Sabah”ın taktiki və texniki cəhətdən hazırlıqlı oyunçuları, çox yaxşı baş məşqçisi var. Valdas Dambrauskas komandanı həm texniki, həm də psixoji cəhətdən çox yaxşı hazırlayıb. Bunu ötən tur Çexiyanın “Slaviya Praqa” komandası ilə oyunda da gördük. Əslində buna çox da təəccüblənmədim. “Sabah” haqqında çox eşitmişəm, görmüşəm, öyrənmişəm. Bilirəm ki, növbəti rəqibləri “Sabah”la oyunlarda problemlər yaşayacaqlar. Buna əminəm. Komandaya uğurlar arzulayıram”.
Kovaç “Sabah”a fərqlənmək üçün çox da şans vermədiklərini dilə gətirib:
“Əslində bu matçı hücumda keçirmək istəyirdik. Arxadan düzgün oyun quraraq, yarımmüdafiədə tənzimləməklə hücuma keçirdik. Sərgilədiyimiz oyun çox yaxşı idi. Buraxdığımız qola gəldikdə, standart vəziyyətlər həmişə bizi qəzəbləndirir. Bunun qarşısını almaq üçün daim çalışırıq. Əslində orada başqa cür də oynaya bilərdik. Amma müdafiədə yaxşı çıxış etmədik. Rəqib isə cəld tərpənərək o qolu vurdu. Təbii ki, künc zərbələri və cərimə zərbələri zamanı ehtiyatlı olmalıyıq. Məncə, komandamız daha böyük hesabla qalib gələ bilərdi. Amma hesab 2:1 oldu. Qələbə münasibətilə komandamızı təbrik edirəm”.
Baş məşqçi oyundan bir gün əvvəl məşqdən sonra Bakı Olimpiya Stadionunda duş qəbul etmədən otelə yollandıqlarını da bildirib:
“Duş qəbul etməyi otelə saxladıq”.



No Comment! Be the first one.