"Ovaxktı ilə indiki "Slaviya Praqa" arasında böyük fərq gördüm" - Ağasəlim Mircavadov
Çexiyanın “Slaviya Praqa” komandası tarixi ərzində Azərbaycan komandaları ilə 4 dəfə qarşılaşıb. Bunlardan ikisi 2000/2001 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində “Şəmkir”lə oyunlara təsadüf edib. Həmin vaxt rəqib Ağasəlim Mircavadovun baş məşqçi olduğu kollektivi Praqada 1:0, Bakıda isə 4:1 hesabı ilə məğlub edib.
Hazırda AFFA Məşqçilər Komitəsinin üzvü kimi çalışan Ağasəlim Mircavadov Sportify.az-a müsahibəsində həm 26 il əvvəlki və indiki dövrü müqayisə edib, həm də “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Slaviya Praqa” üzərində 2:0 hesablı qələbəsini dəyərləndirib:
– “Sabah”ın oyununu mütəxəssis kimi necə dəyərləndirərdiniz?
– “Sabah” Çempionlar Liqasında rəqibindən asılı olmayaraq, əsl çempion kimi mübarizəsi aparır. Hətta İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzanda belə, mən deyərdim ki, komanda normal oynadı, qorxmadı. Bütün komanda müdafiəyə çəkilib oturmadı. Hətta “Sabah”ın bir neçə qol vəziyyəti də oldu. Sadəcə, hücum xəttində qol vuran, yaranan fürsətlərdən daha yaxşı istifadə edən futbolçuya ehtiyac var. Çünki avrokuboklarda qol imkanlarından istifadə etməyəndə bunun cəzasını tez çəkirsən. Dünənki qarşılaşmada da qol vəziyyətləri oldu, amma onlardan az istifadə edə bildilər. Məncə, “Sabah” öz oyununa görə çox yaxşı təsir bağışlayır. Dünənki qələbə də bu baxımdan əhəmiyyətlidir.
– Azərbaycan klublarından ilk dəfə “Slaviya”ya qarşı siz baş məşqçi olduğunuz vaxt “Şəmkir” çıxış edib. 2000/2001 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunlarını necə xatırlayırsınız?
– Bəli, həmin vaxt səfərdə 0:1, evdə 1:4 hesabı ilə uduzmuşduq. O vaxtla indiki dövr arasında həddindən artıq böyük fərq var. Həm maliyyə baxımından, həm klubların inkişafı, həm də stadionlar və infrastruktur baxımından ciddi dəyişikliklər baş verib. İndi hər şey var. Bircə qalır oynamaq.

– Sizcə, “Sabah” dünən öz oyununu Azərbaycan çempionatında oynadığı kimi nümayiş etdirə bildi?
– Bəli. Sürətli, ortada topla az işləmək, hücuma tez keçmək… Məni xüsusilə “Sabah”ın iki mərkəz müdafiəçisinin, hətta ikinci hissədə meydana daxil olan üçüncü stopper – Rəhman Daşdəmirovun da topla davranışı maraqlandırdı. Onlar topla çox yaxşı işləyirlər. Müdafiəçilər hücuma qoşulan cinah oyunçularına ötürmələri rəqib müdafiəçilərin arxasına atırdılar. Oyunun əvvəllərində sol cinah müdafiəçisi Timoteuş Puxaç çox yaxşı açıldı. Üç rəqib oyunçunun arasından ötürmə aldı və ardınca təhlükəli cinah ötürməsi verdi. Həmin epizod çox yaxşı alındı. Yəni komandada keyfiyyət var idi. “Sabah” futbolçularının bacarıqlarına uyğun hərəkətlər edirdi. Uzağa getmək lazım deyil: Hətta ən ağır vəziyyətlərdə də “Sabah”ın müdafiəçiləri topu saxlamağa, onu komanda yoldaşlarına ötürməyə və hücumu arxadan qurmağa çalışırdılar. Bu, müasir futbol üçün vacib xüsusiyyətdir. Amma bir məqam da var: “Sabah” rəqibinə öz qapısına yaxın məsafələrdən, cərimə meydançası daxilindən zərbələr vurmaq üçün imkanlar verirdi. Bu, üzərində mütləq işlənilməli olan məsələdir. Dünənki oyunda da “Slaviya”nın kifayət qədər qol fürsətləri oldu.
– “Sabah”ın rəqibinə belə imkanlar verməsi nədən irəli gəlir: Yarımmüdafiədəki boşluqlardan, cinahların müdafiəsindəki problemlərdən, yoxsa mərkəzdəki çatışmazlıqlardan?
– Məncə, müdafiə xəttinin oyununa bütöv şəkildə baxmaq lazımdır. “Sabah”ın dünənki müdafiəçi “dördlüy”ü ilk dəfə idi ki, birlikdə çıxış edirdi. Ola bilsin, digər turnirlərdə iştirak ediblər, amma rəsmi oyun tam başqadır, avrokubok oyunlarının təzyiqi fərqlidir. Burada səhvləri minimuma endirmək lazımdır. Müdafiəçilər bir-biri ilə əlaqəli oynamalı, bir-birlərinə kömək etməli və səhvləri azaltmalıdırlar. Avropada səhv etdinsə, rəqib səni cəzalandıra bilər. Azərbaycan çempionatında isə bəzən buraxılan səhvdən rəqib qol vura bilmir. Avropa futbolu ilə Azərbaycan çempionatı arasında böyük fərq var. Burada temp, sürət və təzyiq daha yüksəkdir. Məni sevindirən məqam o oldu ki, hesab 1:0 olanda belə, ikinci hissənin ortalarında “Sabah” pressinq etməyə çalışırdı. Komanda tamamilə geri çəkilmirdi, yalnız müdafiədə oturmurdu. Bu, müsbət haldır.

– Bəs “Slaviya”nın oyun səviyyəsi sizin “Şəmkir”də baş məşqçi olduğunuz dövrlə müqayisədə nə dərəcədə dəyişmişdi?
– “Slaviya” çox güclənib, həddindən artıq güclənib. Səhv etmirəmsə, həmin vaxt komandada dörd-beş legioner futbolçu var idi. Ümumiyyətlə, 20-25 il əvvəlki futbol ilə indiki arasında böyük fərq var. O vaxt imkanlarımız məhdud idi, heç nə yox idi. Təlim-məşq prosesini Bakıda keçirmək, lazımi şəraiti yaratmaq üçün maliyyə imkanları yox idi. Geyim və digər təminat məsələlərində də çətinliklər yaşayırdıq. Allah Şahbaz Süleymanova rəhmət eləsin, “Şəmkir” klubunun prezidenti kimi komandanın inkişaf etməsini çox istəyirdi. Nəinki özü, ailəsi də futbolu sevirdi. İmkanları məhdud olsa da, klub üçün əllərindən gələni edirdilər. Mənim onlara böyük hörmətim var. İndi isə klub infrastrukturu, maliyyə təminatı və hazırlıq imkanları baxımından vəziyyət xeyli dəyişib. O vaxt hansı Azərbaycan klubu qış və ya yay hazırlığı üçün xaricə gedirdi? Demək olar ki, heç kim.
– “Şəmkir”də işlədiyiniz vaxt Ukraynanın Truskavets şəhərinə gedirdiniz…
– Qışda təxminən 10-14 gün müddətinə toplanışa gedirdik. Amma söhbət təkcə təlim-məşq prosesindən getmir. Əsas məsələ klubun özəyi, bazasının və ümumi infrastrukturunun olmasıdır. O dövrdə bu imkanlar çox məhdud idi. Buna baxmayaraq, “Şəmkir” müəyyən uğurlar qazandı. Məncə, burada klub rəhbərliyinin və komandaya göstərilən diqqətin böyük rolu var idi.
– Həmin vaxt “Şəmkir”də cəmi 2 legioner var idi: Badri Kvaratsxeliya və Viktor Kulikov…
– Bəli, qalan futbolçular yerlilər idilər. Həmin yerli futbolçuların bir çoxu Azərbaycanın ən yaxşı futbolçuları sırasında idi. Milli komandanın üzvləri də vardı. O vaxt xaricdən çoxlu futbolçu gətirmək üçün klubların imkanları yox idi.
– Lakin indi vəziyyət əksinədir. “Sabah”ın “Slaviya Praqa”ya qarşı start heyətində bir nəfər də yerli futbolçu yox idi. Əvvəllər “11-lik”də Rəhman Daşdəmirova rast gəlirdik, amma dünən o da oynamadı…
– Rəhman “Mançester Yunayted”lə oyunda çox yaxşı təsir bağışlamışdı. Milli komandada da sabit çıxış edir. O da, Abdulax Xaybulayev də artırıb. “Sabah”ın azərbaycanlı futbolçuları hazırlıqlıdırlar, hər zaman oynaya bilərlər.

– Elə isə baş məşqçi Valdas Dambrauskas onları niyə Çempionlar Liqasının oyunlarında start heyətinə müntəzəm daxil etmir?
– Mən bunu deyə bilmərəm. İxtiyarım da yoxdur ki, baş məşqçiyə etiraz bildirim. Onun öz fikri var, komandası qələbə qazanır, heç kim də bir söz deyə bilməz. Amma hazırda “Sabah”da çıxış edən azərbaycanlı futbolçular çalışırlar ki, oynasınlar. Onlar da eyni futbolu sərgiləyirlər. Hətta “Slaviya Praqa” ilə matçda 1:0 hesabı ilə öndə olduqları vaxt da rəqibin yüksək təzyiqinə rəğmən, əks-hücumlara tez-tez çıxırdılar. Məhz bunun da sayəsində ikinci qolu vurdular. Bunu da nəzərə almaq lazımdır. Qayda belədir: Kim güclüdürsə, o da oynayır. Hər bir baş məşqçinin öz futbol fəlsəfəsi, öz düşüncəsi var.
– Deməli, Daşdəmirovun “Slaviya Praqa” ilə görüşdə “11-lik”də olmaması “Mançester Yunayted”lə matçdakı zəif çıxışı ilə bağlı deyil?
– Xeyr. Rəhman həddindən artıq sabit çıxış edir. “Mançester Yunayted”lə qarşılaşmada elə də böyük səhvlərə yol vermədi, sakit oynadı. Dünən də diqqətimi çəkən məqam onun ikinci hissədə meydana daxil olduqdan sonra topu hara gəldi vurub uzaqlaşdırmaması idi. Topu saxlayır, komanda yoldaşına ötürür və hücumun qurulmasına çalışırdı. Bu, çox vacib xüsusiyyətdir. Futbolçuda həyəcan yox idi, sakit və inamlı oynayırdı. Abdulax Xaybulayev də daxil olmaqla, belə futbolçuların hazır olması sevindiricidir. Hansı oyunçuya şans vermək isə baş məşqçinin qərarıdır. Mənim fikrimcə, “Sabah” həm “Mançester Yunayted”lə, həm də dünənki oyunda öz oyun keyfiyyətini və potensialını göstərdi. Hətta “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada da iki-üç qol vəziyyətləri olmuşdu. Bir epizodda hücumçu başla zərbə endirə bilmədi. Yəni hesabın 0:4 olması o demək deyil ki, “Sabah” bütün oyun boyu yalnız müdafiə olunub. Təsəvvür edin, 70 minlik stadion, böyük təzyiq və həyəcan. Buna baxmayaraq, futbolçular həmin həyəcanı dəf edib öz oyunlarını göstərməyə çalışdılar. Mənə görə, “Sabah”ın bu xüsusiyyəti çox önəmlidir. Elə dünənki qarşılaşmada da müdafiədən çıxarkən topu kor-koranə uzaqlaşdırmaq əvəzinə, ötürmələrlə hücum qurmağa çalışırdılar. Müasir futbolun inkişafı da budur: top sənin qapına yaxın olanda belə, vəziyyətdən düzgün ötürmələrlə çıxmağı bacarmalısan. Qısa paslar, düzgün açılmalar və kombinasiyalar bunun əsasını təşkil edir.
– Sizcə, “Sabah”ın qarşısında duran əsas vəzifələrdən biri nədir?
– Komanda hücumda, xüsusilə cərimə meydançasına yaxın zonalarda daha yaxşı qarşılıqlı anlaşma yaratmalıdır. Oyunçular bir-birlərini daha yaxşı başa düşməli, ötürmələrə vaxtında açılmalı və qol imkanlarından səmərəli istifadə etməlidirlər. Çünki növbəti oyun Almaniyanın “Borussiya Dortmund” klubuna qarşı olacaq. Hər iki komandanın həftəsonu çempionat oyunu olacaq. Avropa futbolunda üç gündən bir oyun keçirmək adi haldır. Sıx oyun qrafikinə uyğunlaşması lazımdır. Bunun üçün həm heyət geniş olmalı, həm də futbolçular fiziki cəhətdən hazır olmalıdırlar.

– Azarkeş amilinə də toxunaq. “Mançester Yunayted”lə oyunda 70 minlik stadion dolu idi, amma eyni saytda tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun tribunalarının xeyli hissəsi boş idi. Halbuki biletlərin satışı ilə bağlı yüksək rəqəmlər açıqlanmışdı…
– Oyundan təxminən 10 gün əvvəl 47 min 500-ə yaxın bilet satılması barədə məlumat yayılmışdı. Ola bilər ki, biletlər bir neçə oyun üçün birlikdə satışa çıxarıldığına görə azarkeşlər seçim ediblər. Məncə, azarkeş marağı rəqibin imicindən də asılıdır. “Borussiya Dortmund” və “Barselona” kimi klublar Bakıya gələndə böyük maraq olacağını düşünürəm. “Barselona” ilə ev oyununda ümumiyyətlə, bilet olmayacaq. Amma təkcə rəqib amili ilə kifayətlənmək olmaz. “Sabah” da öz oyunu ilə azarkeşləri stadiona cəlb edir. “Qarabağ”ın nümunəsində gördüyümüz kimi, uğurlu oyun və nəticələr azarkeş marağını artırır. Əsas məsələ yaxşı futbol göstərmək və azarkeşə hörmət etməkdir.
– “Sabah”ın start heyətində azərbaycanlı futbolçu oynamırsa, azarkeşlər bu komandanın oyunlarına baxmağa gələrmi?
– Bu, yaxşı sualdır. Gələcəklər. Milli komandada oynayan futbolçuların öz klublarında nə qədər meydana çıxdığına baxmaq kifayətdir. Bəzən onların sayı çox az olur. Hər bir klub öz cibinə görə hərəkət edir. Ancaq yerli futbolçuların inkişafı üçün onlara daha çox oynamaq imkanı yaratmaq lazımdır. Məncə, legioner limitinin ləğvi məsələsinə də bu baxımdan yanaşmaq lazımdır. Yerli futbolçular daha çox çalışmalı, öz üzərlərində işləməli və mümkün qədər xarici klublara yollanmağa səy göstərməlidirlər. İnanaq ki, legioner limitinin ləğvi öz effektini verəcək. Amma bütün bunları qısa müddətdə həll etmək mümkün deyil. Bunun üçün vaxt və sistemli iş lazımdır. Hazırda “Sabah”ın oyununu müsbət qiymətləndirirəm. Komanda istəklidir və hətta uduzanda belə, öz futbolunu oynamağa çalışır. Futbolda əsas prinsiplərdən biri budur: rəqibdən asılı olmayaraq, meydana çıxanda öz oyununu göstərməlisən. Azarkeş də bunu görmək üçün stadiona gəlir. Avropada yaxşı oynasa, Azərbaycan çempionatını isə yola versə, oyununa azarkeş gəlməz.



No Comment! Be the first one.