“Qarabağ”ın sabiq qapıçısından qalmaqallı paylaşım – komandadan kənarlaşdırıldı
“Qarabağ”ın sabiq qapıçısı Luka Quqeşaşvili Türkiyənin “Göztəpə” klubunda əsas komandadan kənarlaşdırılıb.
Sportify.az xəbər verir ki, buna səbəb gürcüstanlı qapıçının “Qaziantep”lə oyundan sonra sosial şəbəkə hesabında etdiyi paylaşım olub.
Superliqanın IV turunda “Göztəpə” doğma meydanda “Qaziantep”ə 2:4 hesabı ilə məğlub olub. Komandanın yeni transferi olan Quqeşaşvili ilk hissədə 4 qol buraxdıqdan sonra fasilədə əvəzlənib.
27 yaşlı qolkiper matçdan sonra “Instagram” hesabında paylaşım edərək “Göztəpə” azarkeşlərinin bir qisminə sərt reaksiya verib.
Quqeşaşvili bildirib ki, o, meydanda həmişə son fitə qədər mübarizə aparan futbolçudur və heç kimin onun mübarizəsini, xarakterini və forma üçün göstərdiyi əzmkarlığı sorğulamağa haqqı yoxdur: “Bu gün etdiyiniz azarkeşlik deyildi. Təbii ki, bu klubu həqiqətən sevən və hər şəraitdə komandanın yanında olan əsl “Göztəpə” azarkeşləri də var. Onlara sonsuz hörmətim və sevgim var”.
Gürcü futbolçu komandanın hazırda çətin dövr keçirdiyini də etiraf edib və “Göztəpə”yə gəldiyi ilk gündən klubun emblemini və adını müdafiə etdiyini bildirib: “Gürcüstanda, Türkiyədə, evdə, küçədə və meydanda… Hər yerdə “Göztəpə”ni qürurla təmsil etdim və müdafiə etdim”.
O, daha sonra sosial şəbəkədə özünü tənqid edən azarkeşlərə xəbərdarlıq xarakterli ifadələr işlədib: “Klaviatura arxasında gizlənib oradan danışanlara isə yalnız bir söz deyəcəyəm: həyat uzundur, dünya kiçikdir. Bir gün mütləq küçədə və ya başqa bir yerdə qarşılaşacağıq…”
Quqeşaşvilinin bu paylaşımından sonra “Göztəpə” klubu onunla bağlı intizam araşdırmasına başlayıb.
İzmir təmsilçisinin açıqlamasında bildirilib ki, “Qaziantep” matçından sonra baş verən hadisələrə görə futbolçu barəsində intizam prosesi başladılıb. Araşdırma başa çatana qədər qapıçı komandadan ayrı məşq edəcək.
Qeyd edək ki, Luka Quqeşaşvili “Göztəpə”yə PAOK-dan icarə əsasında keçib. 27 yaşlı qolkiper komandanın heyətində 4 matçda 11 qol buraxıb.
Quqeşaşvili 2022 – 2024-cü illərdə “Qarabağ”ın formasını geyinib.



No Comment! Be the first one.