Qurban Qurbanov: “Tvente”dən təhlükə gözləmirik
“İlk növbədə “Sabah” klubunu təbrik edirəm, böyük uğur qazandı. Çempionlar Liqasının oyunlarının yenidən Bakıda keçiriləcək olması çox xoşdur. O ki qaldı bizə, çox yaxşı, baxımlı futbol göstərən komandaya qarşı oynayacağıq. Bizim üçün vacib görüş olacaq. Hər iki komanda tərəfindən çox sayda gedişlər olacaq. Demək olar ki, hazırıq. Hazırlığımız pis keçməyib. Şanslarımızdan maksimumumuzdan istifadə edərək azarkeşlərimizi sevindirməyə çalışacağıq”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Niderlandın “Tvente” komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
54 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– “Qarabağ” indiyədək səfərdəki avrokubok oyunlarının yalnız birində evdə uğursuz olub. Bu, Kipr APOEL-i ilə görüşlərdə baş verib. “Tvente” həmin APOEL qədər təhlükəlidir?
– APOEL və indiki “Tvente”ni fərqləndirmək mənim üçün çətin olar. Çünki futbol ildən-ilə dəyişir. Bu, o qədər də asan cavab veriləsi sual deyil. Çünki fərqli komandalardırlar. Bizim də fərqli komandalarımız var idi, rəqiblər də fərqli çempionatlardan gəlmişdilər. Mən belə oyunlarda həmişə rəqibdən çox özümüzü dəyərləndirmişəm. Öz hazırlığımızın hansı səviyyədə olması, oyuna bütün heyətlə hazır olub-olmadığımız, oyunun gedişatını dəyişə bilib-biməyəcəyimiz narahat edib. Sağlam olmayan xeyli sayda futbolçularımız var. Digər tərəfdən, bir oyundur, burada istənilən nəticə ola bilər. Amma səfərdə udduğumuz oyunların qarşılığında yalnız bir dəfə evdə uduzmuşuq kimi məqamlara çox da önəm vermirəm. Belə bir fikrin düşüncəmdə olmasını istəmirəm. Çünki bu, mənə mane ola bilər. Sadəcə, hamımız sabahkı oyuna fokuslanmışıq. Həddindən artıq diqqətli olmalıyıq. Rəqibin hücum xəttində potensiallı futbolçuları və düşünülmüş hücumları var. Buna hazır olmalıyıq. Çalışacağıq ki, hər şeyin qarşısını alaq, özümüzün etmək istədiklərimizi meydanda yaxşılaşdıraq və təkrarlayaq.
– Azərbaycan futbol tarixində ən kritik 3 oyunda yerli futbolçular qol vuraraq, komandasına vacib nəticə qazandırıb: Nəriman Axundzadə, Bəhlul Mustafazadə Tellur Mütəllimov. Legionerlərin çox olduğu dövrdə bir azərbaycanlı futbolçunun bu səviyyədə qol vurması təsadüfdür, yoxsa yerli oyunçuların xarakterini göstərir?
– Buna yalnız sevinə bilərik. Təsadüf deməzdim, bəlkə də bu, onların bir alın yazısıdır. Həqiqətən də illər sonra o uğurlara dönəndə həmin futbolçuların adları çıxacaq. Burada da azərbaycanlının adının olması çox sevindiricidir. Amma hər birinin üzərinə düşən bir məsuliyyət, yük var. Bunu layiqincə aradan qaldırırlarsa, buna yalnız böyük dəyər verə bilərik. Onları ayrı-ayrılıqda təbrik edirəm. Bəzən bu cür oyunçular davamiyyətli olmurlar, az sayda matça çıxırlar, hətta unudulurlar. Onların gələcəkdə unudulmayası çox böyük izləri var. Buna görə də təbrik edirəm.
– Belə minimal hesablı qələbələrdən sonra cavab görüşləri öncəsi sizin üçün əsas təhlükə nədir: Hesabın verdiyi rahatlıq, yoxsa rəqibin erkən qol axtarışları?
– Bizim öndə olmağımız. Rəqib daha ciddi hazırlaşa və potensialını meydanda daha maksimum göstərə bilər. Amma istənilən halda 1:0 hesabı ilə irəlidə olmağımız əlavə üstünlükdür. Niderland çempionatında belə bir qərar qəbul olunub ki, pley-off mərhələsinə yaxşı hazırlaşmaq üçün tur keçirilməsin. Bu, pley-offa yaxşı hazırlaşmaq, hətta qrupa düşməsələr də xal ehtiyatlarını, ölkə reytinqini daha da yaxşılaşdırmaq üçündür. Onlar da son bir həftədə yaxşı hazırlaşıblar. Təhlükə gözləmirik, sadəcə, özümüzün oyuna necə fokuslanacağımız və hazır olacağımız çox vacibdir. Onlar çox maraqlı, baxımlı futbol oynayırlar. Özüm də belə futbolu xoşlayıram: sistematik, hər şey yerində, hər gün, hər addımları, hər hücumları düşünülmüş oyun. Özüm və futbolçularımız üçün də maraqlı olacaq ki, daim oyunun içində gedişatı əlimizdə saxlaya bilək.
– Bilirik ki, gənc futbolçularla işləməyi sevirsiniz. Ehtiyac yaranarsa, Hikmət Cəbrayılzadə və Əli Bəşirov oyunun ağırlığına psixoloji cəhətdən hazırdırlar?
– Hikmətdə problem olmaz. Çünki uzun müddətdir ki, bizimlədir, kollektivin içindədir, bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə olanda, həyəcanı hiss olunurdu. Bu da sevinc həyəcanı idi. Yenə də məcbur qalsaq, çəkinmədən meydana buraxmağa hazıram. Çünki biz futbolçular bu cür böyümüşük. Hansısa risklərə getmişik, hansısa böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmağa çəkinməyəcəyəm. Lazım olsa, buraxacağam.
– “Tvente” sabah yəqin ki, ilk oyundakından fərqli heyətlə meydana çıxacaq. Bəs “Qarabağ”ın heyətində dəyişiklik gözlənilir?
– Tapşırıqlar mütləq olacaq. Bəzi səhvləri aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə çox inanmıram. Oyunlarını təhlil etmişik, optimal heyətləri var. Bir həftə yaxşı vaxtları olub. Bizdə də ciddi dəyişiklik gözlənilmir. Oyunçu problemlərinə görə bu addımı ata bilərik. Hücum davranışında dəyişiklik ola bilər. Sabah hər birimizi maraqlı oyun gözləyir.
– Musa Qurbanlının sabahkı matçda start heyətində yer alması realdır?
– Bu gün məşqimiz var. Ola bilər ki, sabah səhər son məşqimizi edək. İstənilən oyunçunun meydanda olmaq şansı var. Musa son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Zədədən sonra xeyli dəyişiklik olub. Daha da yaxşı olmasını istəyirik. Gözləyirik. Oyunçunun da buna ehtiyacı var. Çünki get-gedə tək “Qarabağ”ı yox, Azərbaycan klublarını ciddiyə almağa başlayıblar. Bu, bizim üçün problemdir, amma digər tərəfdən də inkişaf üçün sıçrayışdır. “Sabah”ın uğurlu nəticəsindən sonra inanmıram ki, Azərbaycanın istənilən klubuna avrokuboklarda elə-belə yanaşsınlar. Bunun faydası olacaq, ziyanı yox.
– Son vaxtlar Dieqo Rosanın “Qarabağ”a gələ biləcəyi iddia edilir…
– Bilmirəm. Ola bilər (gülür). Olmaya da bilər. Çox oyunçular var. Hər gün hansısa adlar gedir. Hər şey ola bilər.
– İllər əvvəl Niderlanddan “Tvente” ilə oyundan sərfəli nəticə ilə dönmüşdünüz. Sizcə, hansı “Tvente” güclüdür, 12 il əvvəlki, yoxsa indiki?
– Bəlkə nəsə deməyim yalnış olar. Çünki desəm ki, bugünkü “Tvente” güclüdür, deyəcəklər ki, özünü sığortalayır. Bu səviyyədə zəif komanda olmur. Amma əminliklə deyə bilərəm ki, 3-5 il əvvəlki futbolla bugünkü futbol arasında çox böyük fərq var. İstər taktikada, istər dinamikada, istər sürətdə, istər texnikada – istənilən komponentdə bugünkü futbol daha üstündür.
– İki il əvvəl Xorvatiyanın “Dinamo Zaqreb” komandası ilə qarşılaşdığınız zaman sizə ən çox çətinlik yaradan futbolçulardan biri Marko Pyaça idi. Hazırda “Tvente”də oynayır və hətta ilk oyunda da ən aktiv futbolçulardan oldu. Pyaçaya qarşı hansısa xüsusi bir tədbir görmüsünüzmü?
– Hər futbolçunun öz üstün xüsusiyyəti var. Biz mütləq şəkildə onların üstün tərəflərini öz futbolçularımıza göstəririk, qarşısını almaq üçün addımlar atırıq. “Tvente”nin hücum xəttində yaxşı futbolçular çoxdur. Topla aktiv davranrlar. Futbolçularımız onların hər birinə qarşı çox diqqətli olmalıdırlar. Çünki hücum potensialları yuxarıdır. Ümumiyyətlə, “Tvente” bu cür davam etsə, daha böyük uğurlar əldə edə biləcək potensialdadır.



No Comment! Be the first one.