"Tvente"nin baş məşqçisi: Bir neçə futbolçumuz öz səviyyəsindən aşağı çıxış etdi
“Belə səviyyədə çox yaxşı rəqibə qarşı oynayırsansa, özün də çox yaxşı olmalısan. Bu gün biz kifayət qədər yaxşı deyildik və buna görə çox çətinlik çəkdik. Bir neçə futbolçumuz öz səviyyəsindən aşağı çıxış etdi”.
Sportify.az xəbər verir ki, bunu Niderland “Tvente”sinin baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində evdə “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının bu səviyyədə oyun üçün daha yaxşı çıxış etməli olduğunu bildirib: “Əsas problem hücumda idi. “Qarabağ”ın çoxlu qol epizodu olmadı, amma bizim də təhlükəli vəziyyətlərimiz az idi. Rəqibə aid hissədə çox olduq, lakin kifayət qədər təhlükə yarada bilmədik. Bunun keyfiyyətlə də əlaqəsi var. Bəzi futbolçularımız bundan daha yaxşı oynaya bilərdi. Bu gün çox oyunçumuz öz səviyyəsində deyildi”.
Lakin van den Brom ümidlərini itirmədiklərini əlavə edib: “Öz səviyyəmizi göstərsək, cavab oyununda bu günkindən daha yaxşı çıxış edə bilərik. Hələ şansımız var və gələn həftə bunun üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


No Comment! Be the first one.