Valdas Dambrauskas: Son saniyələrədək oyunun içində qaldıq
“Rəqibin oyun keyfiyyəti futbolda çox vacib amildir. Siz çox yaxşı oynaya bilərsiniz, amma rəqibinizin də gücündən çox şey asılıdır. Biz çox yaxşı vəziyyətlər yaratdıq, onların hücumlarının gərginliyinə tab gətirə bildik, əlimizdən gələni etdik. Son saniyələrədək oyunun içində qaldıq. Amma etiraf etməliyəm ki, rəqibin keyfiyyəti daha yüksəkdir. Onlar əllərinə düşən imkanlardan yararlanmaları sayəsində qalib gəldilər. Rəqibi təbrik edirəm”.
Sportify.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Niko Kovaç Bakıda Almaniya təmsilçisi “Borussiya Dortmund”a 1:2 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur matçından sonra mətbuat konfransında deyib.
Dambrauskas jurnalistlərdən birinin “Oyun ərzində komandanızın konkret taktiki planını görmək çətin idi. Bunun səbəbi nə idi və niyə taktiki dəyişikliklər edilmədi?” sualına təəccübünü gizlətməyib: “Bəlkə siz oyunu tam izləməmisiniz? Çünki hansı taktiki plandan istifadə etdiyimizi, ola bilsin, görməmisiniz. Oyuna yenidən baxsanız, hansı taktiki planımızın olduğunu, nəyi etməyə, necə müdafiə olunmağa və hücum etməyə çalışdığımızı görəcəksiniz. Hər şey aydın idi. Stadionda olan hər kəs bunu gördü”.
O, komandada olan hər kəsdən razılıq ifadə edib: “Hamı – oynayan da, oynamayan da maksimumunu verdi. 25 oyunçumun hər biri başa düşür ki, hamısı bütün matçlarda oynamayacaq. Hamı əllərindən gələni edir. Çox rəqabətli, davamlı sistemimiz var. Ola bilsin, bəzi oyunlarda kimisi daha çox, kimisi isə daha az faydalı olur. Hesab edirəm ki, Patrik Mbina hündür və güclü müdafiəçilərə qarşı çox faydalı oldu, kifayət qədər məkan qazandı, əlindən gələni etdi. Onun performansından ümumilikdə çox razıyam. Bir yaxşı performans digər yaxşısına gətirir. Ola bilsin, onun oyun vaxtını artıraq, komandadakı mövqeyini dəyişək. Ümidvaram ki, bu performansını yenə sərgiləyəcək, gələcəkdə oyununu daha da artıracaq”.
Baş məşqçi daha yaxşı, daha üstün keyfiyyətli komandanın qalib gəldiyini etiraf edib: “Unutmayaq ki, “Borussiya Dortmund” Avropanın 5-6 güclü komandasından və Bundesliqanın iki liderindən biridir. Həmkarım Niko Kovaçla razıyam, oyunu daha erkən bitirə bilərdilər. Hesab 1:3 və ya 1:4 ola bilərdi. Amma eyni zamanda biz də deyə bilərik ki, son dəqiqələrdə qol vura bilərdik. Bizim də çox yaxşı imkanlarımız, təşəbbüslərimiz oldu. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik və buna çox yaxınlaşdıq. Futbol belədir: Bəzən qol vura, bəzən vurmaya bilərsiniz, top buraxırsınız. Ən böyük məyusedici məqam oyuna necə başlamağımızdır. İlk 10 dəqiqə ərzində niyə belə olduğunu başa düşürəm. Çünki biz rəqibə çox böyük hörmət göstəririk. Çempionlar Liqası tam fərqli turnirdir. Sürət, gərginlik, fiziki vəziyyət tamamilə başqadır. O sürətə, o gərginliyə uyğunlaşmalıyıq. Təəssüf ki, biz adaptasiya etdikdə rəqib artıq qolu vurmuşdu. Daha sonra biz böyük ölçüdə oyunun içində qaldıq. İlk yarının ikinci hissəsində çox yaxşı oynadıq, qol da vurduq və hesabı bərabərləşdirdik. Özümüzə güvənimiz, inamımız var idi. Amma ikinci hissənin yenə əvvəllərində ikinci səhvi etdik və qol buraxdıq. Hesab edirəm ki, 90 dəqiqə ərzində bu iki məqam oyunumuzun ən pis tərəfi oldu. Əlimizdən gələni etdik, bu vəziyyətdən çıxmağa, yenə bərabərlik qolunu vurmağa çalışdıq. Mən öz oyunçularımla bir daha qürur duyuram. İkinci qolu da vurmaq imkanımız oldu. Təəssüf ki, bəxtimiz gətirmədi. Amma yenə də bu dərsdən öz təcrübəmizə əlavə edəcəyik. Buradan müsbət məqamları götürəcəyik və mənfi məqamlara baxacağıq. Öyrənmək üçün çox yaxşı dərs oldu. “Qarabağ”la oyuna bunlar əsasında hazırlaşacağıq”.



No Comment! Be the first one.