Yelizaveta Ruban: Azərbaycanda oynamaq istəyi məni buraya qaytardı – MÜSAHİBƏ
“Turan”ın ukraynalı voleybolçusu Yelizaveta Ruban Tovuzda Xorvatiya “Mladost”una 3:0 hesabı ilə qalib gəldikləri qadınlar arasında Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra Sportify.az-a eksklüziv müsahibə verib.
Təcrübəli voleybolçu komandada hədəflərindən, Zaqrebdə keçiriləcək cavab görüşündən gözləntilərindən və Azərbaycana qayıtmaq qərarından danışıb. O, uzun fasilədən sonra yenidən Çempionlar Liqasında Azərbaycan klubunun formasını geyinməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Vaxtilə “Telekom”un heyətində də bu nüfuzlu turnirdə çıxış edən Ruban “Turan”la qrup mərhələsinə yüksəlməyi əsas məqsəd kimi müəyyənləşdirdiklərini vurğulayıb.
Ukrayna əsilli voleybolçu müsahibəsində Azərbaycanda oynamaq istəyinin, ölkədə voleybola göstərilən diqqətin və azarkeşlərin sevgisinin onun “Turan”a transferində mühüm rol oynadığını qeyd edib. O, həmçinin ailəsinin dəstəyindən, həyat yoldaşı Yovan Krnetanın futbolçu karyerasını başa vurmasından və qarşıdakı mərhələdə mümkün rəqiblərdən danışıb.
Qeyd edək ki, “Turan” oktyabrın 29-da Zaqrebdə “Mladost”la cavab matçına çıxacaq. Tovuz təmsilçisi ilk oyunda qazandığı 3:0 hesablı qələbənin üstünlüyünü qoruyaraq növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Sportify.az Yelizaveta Rubanın müsahibəsini təqdim edir:
– Bugünkü nəticə ilə bağlı nə deyə bilərsiniz?
– Matça çox ciddi hazırlaşmışdıq. İlk ev oyunumuzu qazandığımız üçün çox şadam. İndi bizi səfər oyunu gözləyir, buna görə də dayanmaq fikrində deyilik, Cavab görüşü ilk oyundan daha vacibdir. Bütün azarkeşlərə böyük təşəkkürümü bildirirəm. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Doğma divarlar arasında oynamaqdan çox məmnunam.
– Özünüz əslən ukraynalı olsanız da, həyat yoldaşınız Yovan Krneta serbiyalıdır. Vaxtilə Azərbaycanda legioner həyatı yaşayıb. Ailənizdə voleybola maraq hansı səviyyədədir?
– Voleybol mənim həyatımın çox vacib hissəsidir. Ailəmin də mənə dəstəyi böyükdür. Həyat yoldaşım da mənə azarkeşlik edir. Oğlum hələ kiçikdir, valideynlərim isə həmişə yanımda olmağa çalışırlar. Onların sevgisi və dəstəyi mənə güc verir. Bu, mənim üçün hər şey deməkdir.
– Həyat yoldaşınız hazırda hansı işlə məşğuldur?
– Hazırda heç bir işlə məşğul olmur. Futbolçu karyerasını artıq başa vurub.
– Oktyabrın 29-da Zaqrebdə keçirəcəyiniz cavab matçından nə gözləyirsiniz?
– Səfər qarşılaşmaları həmişə ev oyunlarından daha çətin olur. Rəqib komanda öz azarkeşlərinin dəstəyini hiss edəcək. Amma biz daha güclü olmalı, yaxşı hazırlaşmalı və məqsədimizə çatmaq üçün əlimizdən gələni etməliyik.
– Bu kluba transferinizin baş tutmasında əsas amil nə oldu?
– Öz evimdə – Azərbaycanda oynamaq istəyi, ölkədə voleybola göstərilən dəstək və azarkeşlərin sevgisi məni buraya qaytardı.

– Çempionlar Liqasında ilk dəfə iştirak edirsiniz?
– Xeyr, Çempionlar Liqasında əvvəllər də oynamışam. CEV Kuboku və Çellenc Kubokunda da iştirak etmişəm. Təxminən doqquz-on il sonra Çempionlar Liqasında Azərbaycan komandası ilə çıxış edəcəyəm. Sonuncu dəfə bu turnirdə “Telekom”un formasını geyinmişdim.
– Çempionlar Liqasında hədəfiniz nədir?
– Əsas məqsədimiz qrup mərhələsini keçməkdir. Addım-addım irəliləmək və hər oyunda daha yaxşı nəticə göstərmək istəyirik.

– Qarşıdakı mərhələdə Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə rəqib olma ehtimalınız daha böyükdür. Çünki “Maritsa Plovdiv” ilk oyunda səfərdə Monteneqro təmsilçisi “Herçeq Novi”ni 3:0 hesabı ilə məğlub edib…
– Bəli, növbəti rəqibimiz Bolqarıstan komandası ola bilər. Ancaq hazırda əsas diqqətimizi cavab oyununa yönəltmişik. “Mladost”u keçək, növbəti rəqibimizin hansı ölkədən olmasının mənim üçün fərqi yoxdur.
Elşən MƏMMƏDOV


No Comment! Be the first one.