Zaur Həşimov: Ümumən komandadan narazı qalmadım, hətta razı qaldım
“Şəfa”nın baş məşqçisi Zaur Həşimov “Sabah”la oyundan sonra fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, Z.Həşimov qarşılaşmanın ilk hissəsində komandasının oyunundan razı qaldığını bildirib:
“Birinci hissədə, 26-cı dəqiqəyə qədər, qol buraxana qədər ümumən oyundan razı idim. Daha çox top bizdə qalırdı, hücumlara çıxırdıq. Əlbəttə ki, rəqibin gücünü də nəzərə alırıq. Bu gün çox yaxşı komandaya qarşı oynadıq. Zatən üç-dörd gün bundan əvvəl Mançesterdə oynayan bir komandadır, yaxşı komplektləşmiş komandadır. Onlara qarşı tərəfimizdən yaxşı mübarizə aparıldı.
Sadəcə olaraq, buraxdığımız qollar bir az məni narahat edir. Çünki artıq neçənci oyundur ki, detallardan, öz səhvlərimizdən belə qollar buraxırıq. Ümumən komandadan narazı qalmadım, hətta razı qaldım. Düşünürəm ki, “Şəfa” bu çempionatda rəqabət apara bilər. Gələcəkdə daha yaxşı futbol oynayacağımızı düşünürəm”.
Baş məşqçi komandanın son turlarda vurduğu və buraxdığı qollarla bağlı suala da cavab verib.
“Əlbəttə, narahat edir. Sadəcə olaraq qol buraxdığımız komandalar, daha çox qol buraxdığımız komandalar çempionluq uğrunda oynayan komandalardır. Bununla barışmırıq, əlbəttə, amma başa da düşürük ki, bunlara qarşı tədbir görməliyik.
O ki qaldı daha az qol vurmağımıza, düşünürəm ki, beş turda oynadığımız rəqiblərə baxsaq, yalnız ikinci-üçüncü turda, daha çox belə deyək, bizə təsir edən məğlubiyyət oldu. O da turnir cədvəlində özünü büruzə verir.
Bu oyunda da əsas hücumçumuz yox idi. Fikrimcə, bu halların qarşısını gələcəkdə, o biri oyunlarda alacağıq”.
Z.Həşimov qapıçı Nicat Mehbalıyevin çıxışına da münasibət bildirib. O, “Neftçi” və “Sabah”la oyunlarda qapıçının bəzi səhvlərə yol verdiyini deyib:
“Nicatla bağlı, belə deyək də, böyük komandalardan siz dediniz, çempionluq uğrunda oynayan komandalarda, həm “Neftçi”nin oyununda, həm bu oyunda bir az səhvlər oldu. Həm baş məşqçinin, milli komandanın baş məşqçisinin də narahat olduğu vəziyyətdir. Nicatla fərdi danışıq aparmaq olar.
Yəni sanki həm “Neftçi”nin oyununda, həm “Sabah”ın oyununda oyunun qırılma nöqtəsini zəiflədən səhvlər oldu Nicatda. Mən də ona ümumi toxundum, oyun haqqında danışanda ki, qırılma nöqtəsində rol oynadı, belə deyək, detal səhvləri idi. Amma komanda böyük zərbə aldı.
Nicat yenə də bizim futbolçumuzdur. Amma belə deyək də, Nicat da hiss edir ki, bizim digər qapıçılarımız da var, rəqabətimiz olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil. Onun inkişafı üçün hər hansı bir addım atsaq, bu, onun üçün ola bilər. Gələcəkdə bu amili nəzərə alacağıq”.



No Comment! Be the first one.