Tornike Axvlediani: Gürcüstan və Azərbaycan liqalarını birbaşa müqayisə etmək düzgün deyil - MÜSAHİBƏ
Misli Premyer Liqasının VI turunda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı məğlub edib – 2:1.
Matçdan sonra “Şamaxı”nın futbolçusu Tornike Axvlediani Sportify.az-a müsahibə verib.
– İlk ev oyununuz idi. Komanda 3 xal qazandı. Qarşılaşmanı necə dəyərləndirirsiniz?
– Bundan əvvəl ardıcıl olaraq səfər oyunları keçirirdik. Bu, ilk ev oyunumuz idi. Əsas odur ki, mübarizə apardıq və üç xal qazandıq. Düzdür, əvvəlki oyunlarla müqayisədə keyfiyyət o qədər də yüksək deyildi. Amma əsas olan mübarizə aparmaq və üç xal qazanmaqdır. Biz də bunu bacardıq.
– İkinci hissədə əvəzləndiniz. Oyunun əvvəlki matçlarla müqayisədə istədiyiniz kimi alınmadığını düşünürsünüz?
– Təbii ki, əvvəlki oyunlarla müqayisədə mənim üçün yaxşı alınmadı. Əvvəlki matçlardakı kimi yaxşı imkanlarım olmadı. Amma bu, baş məşqçi Azər Bağırovun qərarıdır. Biz fərdi olaraq yox, komanda üçün oynayırıq. Əsas olan komandanın oyunudur. Baş məşqçi necə qərar verirsə, həmin qərara hörmətlə yanaşıram. Oynadırsa, oynayıram, əvəzləyirsə, meydanı tərk edirəm.
– Azərbaycan çempionatına uyğunlaşma prosesiniz artıq başa çatıbmı və ümumiyyətlə, çempionat haqqında fikirləriniz necədir?
– Mən artıq uyğunlaşma prosesini başa çatdırmışam və Azərbaycan çempionatına öyrəşmişəm. Burada maraqlı oyunlar keçirilir. İlk dörd komanda keyfiyyət baxımından digərlərindən bir qədər fərqlənir. Digər komandalar arasında isə mübarizə daha bərabərdir və bu da oyunları maraqlı edir. Mənim üçün bu liqa yaxşı və inkişaf üçün əlverişlidir. Gənc futbolçular üçün də yaxşı, inkişafyönümlü çempionatdır. Mən də burada öz oyunumu daha da inkişaf etdirməyə çalışıram. Əsas məsələ qaçmaq, mübarizə aparmaq və döyüşməkdir.
– Milli fasilədən sonra komandada nələri dəyişmək və inkişaf etdirmək istəyirsiniz?
– iki komanda yoldaşım – Edqar Adilxanovvə Oruc Məmmədov milli komandaya çağırılıb. Daha altı futbolçumuz isə U-21 milliyə qoşulub. Milli fasilə müddətində biz də öz üzərimizdə işləmək və inkişaf etmək istəyirik. Məqsədimiz hər oyunda mübarizə aparmaq və hər oyunda qələbə qazanmaqdır.
– Gürcüstan və Azərbaycan çempionatlarını müqayisə etsəniz, hansı fərqləri qeyd edərdiniz? Gürcüstanda klublar Avropada nəticə göstərir, milli komanda da yaxşı çıxış edir. Azərbaycanda isə daha çox klublar Avropada nəticə göstərir. Sizcə, bunun səbəbi nədir?
– Gürcüstan liqasında oyunlar daha yavaş tempdə və daha texniki oynanılır. Bizim liqada isə oyunların səviyyəsi və tempi daha fərqlidir. Azərbaycan çempionatında futbolçuların inkişaf etməsi üçün imkanlar var. Burada oyunçular bir-birlərindən çox şey öyrənə və inkişaf edə bilirlər. Amma məncə, Gürcüstan və Azərbaycan liqalarını birbaşa müqayisə etmək düzgün deyil. Bunlar fərqli çempionatlardır və hərəsinin öz xüsusiyyətləri var. Mən xarici futbolçuyam və hər iki ölkədəki futbolu müəyyən qədər müşahidə etmişəm. Ona görə də bu müqayisə ilə bağlı deyə biləcəyim əsas məqamlar bunlardır.



No Comment! Be the first one.