Türkiyə Qadınlar Super Liqasında yeni mövsümdən etibarən yarışın formatı dəyişəcək.
12 komandanın iştirak edəcəyi çempionat iki mərhələdə keçiriləcək. İlk mərhələdə komandalar bir-biri ilə bir dövrə oynayacaq. 11 turun yekunlarına əsasən, ilk 6 pilləni tutan kollektivlər A qrupunda, 7-12-ci yerləri tutan komandalar isə B qrupunda mübarizəni davam etdirəcəklər.
Ümumilikdə çempionatda 126 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub. İlk mərhələdə 66, ikinci mərhələdə isə 60 oyun təşkil olunacaq.
AFFA-nın qadın futbolu üzrə texniki direktoru Emrah Aykurt yeni formatın məqsədləri, qadın futbolunun inkişafı və rəqabətin artırılması ilə bağlı Sportify.az-ın suallarını cavablandırıb.
– Yeni mövsümdə Azərbaycan Qadınlar Super Liqasında hansı dəyişikliklər olacaq?
– Bu mövsüm Qadınlar Super Liqası 12 komandanın iştirakı ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə 12 komanda öz aralarında 11 oyun keçirəcək. Mərhələnin sonunda ilk 6 yeri tutan komandalar A qrupunda, 7-12-ci yerləri tutan kollektivlər isə B qrupunda mübarizə aparacaqlar. Ümumilikdə çempionatda 126 oyun keçiriləcək. Birinci mərhələdə 66, ikinci mərhələdə isə 60 qarşılaşma təşkil olunacaq. Bu strateji dəyişikliyi qadın futbolunun daha da inkişaf etdirilməsi və milli komandalar üçün daha geniş oyunçu hovuzunun formalaşdırılması məqsədilə həyata keçiririk.
– Yeni formatın əsas məqsədləri nədən ibarətdir?
– A qrupunda çempion olacaq komanda gələcək mövsüm UEFA Qadınlar Çempionlar Liqasında iştirak etmək hüququ qazanacaq. B qrupunda isə 7-12-ci yerləri tutan komandaların inkişafına xüsusi önəm veririk. Əsas məqsədlərdən biri həmin kollektivlərin daha çox gənc istedada oyun vaxtı verməsi və yeni oyun modellərini sınaqdan keçirməsi üçün şərait yaratmaqdır. B qrupunu komandaların inkişafı baxımından bir fürsət kimi görürük.
– Qadınlar Liqası ilə yanaşı, kubok yarışının keçirilməsi də planlaşdırılır?
– Kubokla bağlı rəhbərliyimizin artıq zəruri çalışmaları var. Liqanı başa çatdırdıqdan sonra qarşıdakı dövrdə kubok yarışı ilə bağlı lazımi işlərin görülməsi nəzərdə tutulur.
– Bəs bu mövsüm kubok yarışının keçirilməsi planlaşdırılmır?
– Hazırda bu mövsüm üçün kubokla bağlı hər hansı hazırlığımız və ya konkret işimiz yoxdur.
– Sizi qadın futbolu üzrə texniki direktor vəzifəsinə gətirən əsas təcrübəniz nədən ibarətdir?
– Mən 1998-ci ildə məşqçilik fəaliyyətinə başlamışam. Türkiyədə müxtəlif həvəskar və peşəkar komandalarda çalışmışam. Son 15 il ərzində Türkiyə Futbol Federasiyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərmişəm. Sonuncu vəzifəm məşqçi təlim proqramları müdiri olub. Həmin 15 illik dövrdə federasiyada qadın futbolu ilə bağlı mentorluq fəaliyyəti göstərmiş, liqaların strukturunun formalaşdırılması və digər müxtəlif istiqamətlər üzrə çalışmışam.
– Qadın futbolunda indiyədək formalaşmış sistemdən fərqli olaraq hansı dəyişiklikləri həyata keçirməyi planlaşdırırsınız?
– İlk növbədə qadın liqalarına olan iştirak səviyyəsini artırmağı hədəfləyirik. Bildiyiniz kimi, ilk dəfə ötən il çempionat 12 komandanın iştirakı ilə keçirildi və bu mövsüm də eyni sayda komanda mübarizə aparacaq. Arzumuz bundan sonrakı mərhələdə peşəkar komandaların, xüsusilə aşağı yaş qruplarının daha çox iştirakı ilə davamlı və dayanıqlı sistem formalaşdırmaqdır. Hədəfimiz yalnız yüksək liqada mübarizə aparan komandalarla məhdudlaşmır. Aşağı yaş qruplarından başlayaraq davamlılığın təmin olunduğu bir struktur yaratmaq istəyirik.
– Qadın futbolunda bəzən 14:0, 15:0 kimi böyük hesablı nəticələr qeydə alınır. Yeni formatda belə nəticələrin qarşısının alınması üçün hər hansı tədbir görüləcəkmi?
– Əslində yeni strukturumuz da məhz bunun üzərində qurulub. Təbii ki, heç kim əvvəlcədən oyunların hansı hesabla başa çatacağına zəmanət verə bilməz. Nəticələrin necə olacağını əvvəlcədən bilmək mümkün deyil. Lakin yeni formatla daha rəqabətli və mübarizəli oyunların keçirilməsini istəyirik. Bu səbəbdən komandalar arasında güc balansını təmin etmək məqsədilə birinci mərhələnin sonunda A və B qruplarını formalaşdırdıq. Ümid edirəm ki, gələcək mövsümdə belə böyük hesablı nəticələrin sayı azalacaq və daha çox mübarizənin, rəqabətin olduğu bir liqa izləyəcəyik.
– B qrupunda mübarizə aparacaq komandaların səviyyəsini aşağı qiymətləndirmək olarmı?
– Mən onları aşağı səviyyəli komandalar kimi xarakterizə edə bilmərəm. A qrupunda çempion olan komanda UEFA Qadınlar Çempionlar Liqasında iştirak edəcək. B qrupunda mübarizə aparan komandalar isə gələcək mövsüm və növbəti illər üçün öz planlarını reallaşdıraraq yenidən ilk altılıqda yer tutmağa və nəticə etibarilə çempionluq uğrunda mübarizə aparmağa çalışacaqlar.


No Comment! Be the first one.