İqor Angelovski: Azərbaycan klublarının nəticələri millidə əksini tapmır
Azərbaycan millisi ilə keçirəcəkləri yoxlama matçından əvvəl Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis sabahkı qarşılaşmaya hazır olduqlarını bildirib.
50 yaşlı mütəxəssis Bakıda komandası üçün yaradılan şəraitdən razı qaldığını bildirib: “Qarşımızda zəif olmayan bir komanda dayanır. Hesab edirəm ki, Azərbaycan D Liqasında yox, daha yüksək liqada çıxış etməlidir. Burada olduğumuz üçün şadıq. Bizə yaxşı şərait yaradılıb. Qarşılaşmaya tam hazırıq və bu futbolçularla işləmək mənim üçün xoşdur”.
Angelovski rəqibə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb. O, Azərbaycan yığması ilə əvvəllər də qarşılaşdığını xatırladıb: “Baş məşqçi kimi hər bir rəqibə hörmət etməliyəm. Şimali Makedoniya millisinin baş məşqçisi olduğum 6 il ərzində Azərbaycanla da üz-üzə gəlmişik. Yoldaşlıq görüşü olsa da, nəticə bizim üçün əhəmiyyət daşıyır. Sabah meydana yaxşı nəticə əldə etmək niyyəti ilə çıxacağıq və bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Tacikistan millisinin baş məşqçisi “Turan Tovuz”un qapıçısı Oleq Baklovu sabahkı matçda oynadıb-oynatmayacağı barədə dəqiq fikir bildirməyib: “Bu məsələyə bugünkü məşqdən sonra aydınlıq gələcək. İndidən bunu açıqlamaq rəqib üçün üstünlük yarada bilər. Ona görə də hansı futbolçuların meydana çıxacağını söyləmək istəmirəm”.
Angelovski Azərbaycan futbol klublarının son nəticələrinə də münasibət bildirib. O, “Sabah”ın uğurlarını qeyd etməklə yanaşı, ötən mövsüm “Qarabağ”ın əldə etdiyi nəticələri də xatırladıb: “Ötən il oxşar uğura “Qarabağ” imza atmışdı. “Sabah”ı və Valdas Dambrauskası təbrik edirəm. Onlar yaxşı nəticələr göstərirlər. Ötən il də “Qarabağ” və Qurban Qurbanov bunu bacarmışdı. Qurbanov Azərbaycan millisinin baş məşqçisi olduğu vaxt mən Makedoniya yığmasına rəhbərlik edirdim və onunla qarşılaşmışıq. Təəssüf ki, klubların beynəlxalq arenada əldə etdiyi uğurlar milli komandanın nəticələrində öz əksini tapmır”.
Tacikistan millisinin baş məşqçisi Azərbaycan yığmasına Millətlər Liqasında uğurlar arzulayıb: “Azərbaycan millisinə uğurlar diləyirəm. Arzum budur ki, qrupda birinci olsunlar və C Liqasına yüksəlsinlər”.
Qeyd edək ki, Azərbaycan – Tacikistan yoldaşlıq görüşü sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda baş tutacaq.



No Comment! Be the first one.