Vüsal İsgəndərli: Biz bu formanın qədrini bilməliyik - MÜSAHİBƏ
Azərbaycan milli komandası yoldaşlıq matçında Tacikistan yığmasına 1:0 hesabı ilə məğlub edib.
Milliyə Kosovonun “Malışeva” klubundan dəvət almış futbolçu Vüsal İsgəndərli oyundan sonra Sportify.az-a müsahibə verib:
– Yeni klubunuza adaptasiya ola bilmisiniz?
– Əslində, Kosovo və Albaniya Balkan ölkələri olaraq, bir-birinə yaxındırlar. Amma məncə, futbolları tam fərqlidir. Əlimizdən gələni edib, Albaniyada “Eqnatiya” ilə çempion olduğum kimi, “Malışeva”da da həm şəxsi, həm də klub olaraq nailiyyətlər əldə etmək istəyirik.
– Milli komandanın qarşıdakı oyunları ilə bağlı fikirləriniz necədir?
– İstər futbolçu, istər rəhbərlik, istərsə də məşqçi heyəti olaraq inanırıq. Biz də əlimizdən gələni edəcəyik. İndi Litva səfərinə gedirik. Həqiqətən çətin səfərdir. Oradan ən azı xalla qayıtmaq istəyirik. Daha sonra iki ev oyunumuz var. Buradan da bütün azarkeşlərimizə səslənirəm: gəlsinlər, dəstək olsunlar. Onların dəstəyi bizim üçün çox vacibdir.
– Komandanın geniş heyətə malik olması nəticələrə təsir edə bilərmi?
– Geniş heyətimiz var, amma belə bəhanələrin arxasına sığınmaq, məncə, düzgün deyil. Çünki biz özümüz kimi oynamadığımız kimi, rəqiblər də yerində durmur. Heyətimiz genişdir, baş məşqçimiz hamıya güvənir. Bu gün gördüyünüz kimi, davamlı şans verirlər, rəqiblər də qələbə qazanmağa çalışırlar. Bizim də əlimizdən gələn nədir? Öz oyunçumuza, baş məşqçimizə dəstək olmaqdır. Yəni, milli olaraq futbolçular bu yükün altından çıxmalıdır, ölkəmizi sevindirməliyik.
– Tacikistanı daha böyük hesabla məğlub etmək mümkün idi. Qol epizodlarının dəyərləndirilməməsinin səbəbi nədir?
– Epizodlarımız var idi. Açığı, təkcə bu oyunda yox, məsələn, Malta ilə qarşılaşmada da çoxlu imkan yaratmışdıq. Mənim də iki epizodum var idi, San Marino ilə oyunda da belə hallar olmuşdu. Bizim yerimizə kimsə oynayası deyil ki… Biz dəyərləndirməliyik. Futbolçu olaraq biz də bunun üzərində işləyirikmi? Vallah, işləyirik. Amma olmayanda bəzən olmur. Amma bunun üstündə dayanmaq olmaz. Əsas odur ki, bu epizodlara giririk, inam artır. Əsas odur ki, epizodlar qazanırıq. Amma qələbə qazananda o epizodlar yada düşməyəcək, çünki qalib gəlmisən. Məğlub olanda isə həmin epizodlar insanı bir az incidir. Amma inanıram ki, gələcəkdə bu epizodlar qolla nəticələnər.
– Milli komandaya çağırılan futbolçular üçün klub futbolundakı ab-hava ilə milli komandadakı atmosfer arasında fərq varmı və bu, meydanda bir-birini anlama baxımından çətinlik yaradırmı?
– Çox düzgün vurğuladınız. Klubla milli arasında çox fərq var. Məsələn, klubda demək olar ki, həftələrlə məşq edirik, oyunlara çıxırıq. Amma burada o müddət yoxdur. İki-üç gündən bir oyunlar olur. Fərqi var. Amma necə deyim, eyni futbolçusan. Orada qollar vurursansa, gəlib milli komandada da maksimumunu, klubda oynadığının iki qat artığını etməlisən. Çünki buna görə milli komandaya dəvət almısan.
– Psixoloji cəhətdən bu qələbə komandanın Millətlər Liqası oyunlarına yaxşı köklənməsinə kömək edəcəkmi?
– Məncə, bəli. Çünki bu qələbə bizə lazım idi. Bəlkə də düşünürlər ki, yoldaşlıq oyunudur və sair. Amma hər qələbə milliyə lazımdır. Azərbaycanı təmsil ediriksə, fərqi yoxdur. İstər yoldaşlıq oyunu olsun, istər rəsmi oyun, üst-üstə futbol oynayaq, yenə də fərqi yoxdur. Biz bu formanın qədrini bilməliyik. Azarkeşlər bizi burada və televiziya qarşısında izləyirlərsə, deməli, onlara borcluyuq. Ona görə də əlimizdən gələni edib, milli olaraq qələbələr qazanmalıyıq.



No Comment! Be the first one.