Ayxan Abbasov: Vəziyyətimizi daha da çətinləşdirdik
“Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, olmadı. Bilirəm, vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunda Lixtenşteyn yığmasına qarşı keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Bakıda baş tutan və qolsuz heç-heçə ilə yekunlaşan qarşılaşmanı dəyərləndirən baş məşqçi bildirib:
“Epizodlar oldu, az idi. Birinci dəqiqədə çox real epizodumuz var idi. İstifadə edə bilmədik. Tempi istədiyimiz kimi, çox qaldıra bilmədik. Günahkar axtarmayacağıq, futbolçulara da dedim, məsuliyyət məndədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdı. Bu gün çıxış yolumuz Litva matçına konsentrasiya olmaqdır. Başqa deyiləsi söz yoxdur”.
Ayxan Abbasov rəqib komandanın baş məşqçisinin futbolçularının peşəkar olmaması ilə bağlı fikirlərinə də münasibət bildirib:
“Hamınız haqlısınız. Lixtenşteyni udmağa məcburuq. Rəqib peşəkardır, peşəkar deyil, bunu müzakirə etmək mənə düşmür. Amma biz performansımızdan zəif çıxış etdik, bunu hamı gördü. Çıxış yolu Litva matçında qalib gəlməkdir”.
Baş məşqçi istefaya göndəriləcəyi təqdirdə təzminatdan imtina edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Müqaviləmiz qışa qədərdir. Milli komandadır. Biz bura ən ağır dönəmdə gəldik. Çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onlarla razıyam. Futbolda başqa problemlər var. Vaxt hər şeyi göstərəcək”.
Mütəxəssis komandanın oyuna müdafiədən deyil, hücumameyilli başlaması ilə bağlı suala qısa cavab verib: “Sürpriz oldu? Nə deyim vallah”.
Baş məşqçi Vüsal İsgəndərlinin aqressiv oynaması ilə bağlı fikirlərə də münasibət bildirib:
“Vüsalı demək ki, yaxşı izləmirsən. Çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmalıydıq. Vüsalın belə istəkli olması normaldır”.
O, Litva ilə qarşıdakı oyuna hazırlığın çətin olacağını bildirib:
“Asan deyil, əlbəttə ki, çətindir. Məsuliyyət məndədir. Səhvlərimizi təhlil edəcəyik. İki günə bərpa olmalıyıq, həm də rəqibə qarşı hazır olmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyun eyni heyətlə oynamaq asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq”.
Millidə inkişafın olub-olmaması barədə danışan Ayxan Abbasov qeyd edib:
“Tərifləməyəcəyəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gəlmişdim ki, İslandiya gəzə-gəzə bizə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərini 0:3 udurdu. Ən böyük hesablı məğlubiyyət Fransaya qarşıdır. Komandada əzmkarlıq artdı, yeni adlar çıxardırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur, millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur”.
Baş məşqçi milli komandada üzləşdiyi təzyiqdən də danışıb:
“Ozüm də gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli azarkeş var. Bura klub deyil. Ölkənin bir nömrəli komandasıyıq, çox təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik”.
Çalışırdırıcı gənc futbolçuların inkişafı ilə bağlı fikirlərini də bölüşüb
“Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gərək gənc oyunçulara üstünlük versin. Çox azdır futbolçular. Aşağıdan başlamalıyıq, klublara, akademiyalara yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan materiallar budur”.



No Comment! Be the first one.