Lixtenşteyn millisinin futbolçusu: Komandamızda həm işləyənlər, həm də tələbələr var - MÜSAHİBƏ
Azərbaycan millisi UEFA Millətlər Liqasının III turunda Lixtenşteyn yığması ilə qolsuz heç-heçə edib.
Qarşılaşmadan sonra rəqib komandanın futbolçusu Aron Dele Sportify.az-a müsahibə verib.
– 0:0 hesablı heç-heçəni necə qiymətləndirirsiniz?
– Məncə, çətin oyun idi. Qapımızı toxunulmaz saxlamaq üçün əlimizdən gələni etdik, hər şeyimizi ortaya qoyduq. Sonda 0:0 hesabı qeydə alındı və bu nəticə bizim üçün yaxşıdır.
– Son 18 oyundan sonra ilk dəfə heç-heçə etdiniz. Bu barədə nə düşünürsünüz?
– Açığı, bunun 18 oyun olduğunu bilmirdim. Amma belə uzun müddətdən sonra heç-heçə etmək daha da xoşdur.
– Azərbaycan millisində yaxşı futbolçuların olduğunu düşünürsünüz?
– Bəli, onlar güclü komandadırlar. Yaxşı keyfiyyətə və bacarıqlı futbolçulara sahibdirlər. Ümumilikdə, yaxşı komandadırlar.
– Heç-heçədən sonra baş məşqçiniz sizə nə dedi?
– O, bizi təbrik etdi və bu oyunda, eləcə də indiyə qədər gördüyümüz işlərdə böyük əmək sərf etdiyimizi bildirdi. Komandada həm işləyənlər, həm də tələbələr var. Futbolla yanaşı, digər işlərimizi də idarə etməyə çalışırıq. Buna görə də bu nəticə bizim üçün böyük əhəmiyyət daşıyır.
– Bu qrupda əsas məqsədiniz nədir?
– Məncə, oyundan-oyuna irəliləməli və hər dəfə əlimizdən gələni etməliyik. Əlbəttə, hər oyunda qalib gəlmək istəyirik. Ancaq sonda vəziyyətin necə olacağını görməli və hər qarşılaşmaya ayrıca yanaşmalıyıq.
– Bu oyundan əvvəl xal qazana biləcəyinizə inanırdınız?
– Bəli, əlbəttə. Əks halda, bunu edə bilməzdik.


No Comment! Be the first one.