"Fənərbağça" "Turan Tovuz"a qalib gəldi - YENİLƏNDİ
“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Sportify.az xəbər verir ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.
Oyunun ilk yarısında qol vurulmayıb. Əvəzində 33-cü dəqiqədə insident baş verib. Qonaqların futbolçusu Meyson Qrinvud meydan sahiblərindən Roderik Millerin arxasına bilərəkdən təpik vurub. O, Millerin hərəkətinə belə qarşılıq verib.
Baş hakim Rəvan Həmzəzadə Qrinvudu meydandan qovub, Millerə isə sarı vərəqə göstərib. Buna etiraz edən Mateo Genduzi sarı vərəqə alıb. Genduzi bundan sonra komandanı meydandan çıxmağa çağırıb.
Beləliklə, oyunda bir neçə dəqiqəlik fasilə yaranıb.
Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Qrinvud oynamasın, əvəzində meydana digər komanda yoldaşı çıxsın və “Fənərbağça” oyunu yenə 11 nəfərlə davam etdirsin.
İkinci hissədə isə rəqiblər daha da fəallaşıblar. 60-cı dəqiqədə Nqolo Kante uzaqdan zərbə ilə hesabı açıb. 75-ci dəqiqədə isə qapıçı Aleksey Kenyakinin səhvindən sonra Çağrı Balta topu tora göndərərək, yekun nəticəni müəyyənləşdirib.
“Turan Tovuz” bu matçda bir neçə imkan yaratsa da, istifadə edə bilməyib. Xüsusən son dəqiqələrdə meydan sahibləri fəallıqla seçiliblər. Lakin təsəlli qolunu da vurmaq mümkün olmayıb.
Qeyd edək ki, bu matçda milli komandalara dəvət alan futbolçular iştirak etməyiblər.
Yoldaşlıq görüşü
3 oktyabr
20:00. “Turan Tovuz” – “Fənərbağça” – 0:2
Qollar: Nqolo Kante, 60. Çağrı Balta, 75
Baş hakim: Rəvan Həmzəzadə
Xatırladaq ki, komandalar indiyədək avrokuboklarda da üz-üzə gəliblər. 1994-cü ildə UEFA Kuboku çərçivəsində keçirilən ilk oyunda “Fənərbağça” 5:0, cavab qarşılaşmasında isə 2:0 hesabı ilə qalib gəlib.



No Comment! Be the first one.