“Bəzən ailə insan üçün ən pis şey olur”
UFC prezidenti Dana Uayt anası ilə yaşadığı uzunmüddətli münaqişə barədə danışıb.
Sportify.az xəbər verir ki, Uayt 2011-ci ildə onun icazəsi olmadan anası Cun tərəfindən “Dana Uayt: MMA-nın kralı” adlı kitabın nəşr olunması ilə bağlı xatirələrini bölüşüb.
O bildirib ki, uşaqlıq illəri və ailəsi ilə bağlı heç nəyi dəyişmək istəməzdi:
“Uşaqlığımla bağlı heç bir şeyi dəyişdirməzdim. Fərqli valideynlər, fərqli ailə və ya başqa həyat tərzi istəməzdim. Ailəm kifayət qədər qəddar idi”.
Uaytın sözlərinə görə, anası kitabda onun uşaqlıq və toy şəkillərindən də istifadə edib. O, kitabı heç vaxt oxumadığını və bu barədə yalnız vəkillərindən məlumat aldığını deyib.
UFC prezidenti anasının ondan pul tələb etdiyini və zaman keçdikcə məktubların daha sərt xarakter aldığını da açıqlayıb. Onun sözlərinə görə, bu hadisələr ana ilə münasibətlərinin tamamilə pozulmasına gətirib çıxarıb.
“Uğura çatanda belə hallar baş verir. Bəzən ailə insan üçün ən pis şey olur. Məncə, valideyn kimi uğursuzluq ən böyük uğursuzluqdur”, – deyə Uayt bildirib.
Dana Uayt həmçinin anası ilə ölümündən əvvəl barışmadığını qeyd edib:
“Anam öldü və mən onunla heç vaxt barışmadım. Bacım da onunla danışmadı”.
Uayt vurğulayıb ki, əldə etdiyi uğurlara görə valideynlərinə borclu olduğunu düşünmür.
“İnsanlar bəzən soruşurlar ki, valideynlərinin sayəsində bu gün olduğun yerdə olduğunu düşünürsənmi? Mənim vəziyyətimdə cavab qətiyyən yox, yüz faiz yoxdur”.
Uayt bu fikirləri “The Diary of a CEO”nun “YouTube” kanalında yayımlanan müsahibəsində səsləndirib.



No Comment! Be the first one.