“Qalib gələ bilmirsənsə, məğlub olmamalısan”
“Sabah” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə edib – 0:0.
Qarşılaşmadan sonra komandanın futbolçusu Akim Zedadka Sportify.az-a müsahibə verdi.
– Oyun haqqında fikiləriniz necədir?
– Oyun çətin keçdi, lakin bu gün yaxşı komandaların iştirakı ilə maraqlı qarşılaşma izlədik. Matç yüksək intensivlik, çoxsaylı hücumlar və təhlükəli epizodlarla yadda qaldı. Hər iki komanda qələbə qazanmaq istəyirdi və düşünürəm ki, yaxşı oyun oldu.
– Nəticə sizi qane etdi?
– Qalib gəlmək istəyirdik. Amma qələbə qazana bilmirsənsə, heç olmasa məğlub olmamalısan. Bir xal qazandıq və düşünürəm ki, bu, qənaətbəxş nəticədir. Daha çox qol vurmaq istəyirdik, çünki bizim də, rəqibin də qol imkanları oldu. Hesab edirəm ki, 0:0 normal nəticədir.
– Qarşıdakı Çempionlar Liqası oyunu barədə nə deyə bilərsiniz?
– Bu, fərqli turnir və fərqli rəqibdir. Bu gün diqqətimizi liqa oyununa yönəltmək vacib idi, çünki burada da qalib gəlmək istəyirdik. İndi isə Çempionlar Liqasında tamamilə fərqli qarşılaşma bizi gözləyir. Çexiyanın “Slaviya Praqa” komandası ilə oyuna da qələbə qazanmaq üçün hazırlaşmışıq. Bakıdayıq və ümid edirəm ki, azarkeşlərimiz bizi çoxsaylı şəkildə dəstəkləyəcəklər. Çərşənbə axşamı möhtəşəm oyun keçirməyimizi arzulayıram.
Rəqibimizi təhlil edəcəyik. Çempionlar Liqasında hər komandanın qələbə qazanmaq və ya məğlub olmaq ehtimalı var. İnsanlardan soruşsanız, “Real Madrid” kimi çox güclü komandaların adını çəkərlər. “Slaviya Praqa” da bu turnirdə mübarizə aparır. Bilirik ki, bizi çətin oyun gözləyir.
– Hədəf 3 xaldır?
– Biz hər zaman, hər oyunda qələbə qazanmaq istəyirik. Xarakterimiz belədir və çoxlu oyunlarda qalib gəlmək gücündəyik. Ümid edirəm ki, bu qarşılaşmada da qələbə qazanacağıq.
Bahar RÜSTƏM



No Comment! Be the first one.