AFFA ölkə futbol yarışlarını birləşdirən yeni platformanı təqdim etdi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ölkədə keçirilən futbol yarışları haqqında məlumatları vahid mərkəzdə birləşdirən match.affa.az platformasını ictimaiyyətə təqdim edib.
Sportify.az xəbər verir ki, platformanın əsas məqsədi uşaq, yeniyetmə, gənclər və qadın futbolu üzrə yarışlar haqqında məlumatların əlçatanlığını artırmaq, futbol ictimaiyyətinin bu yarışlara marağını genişləndirməkdir. Saytda AFFA Gənclər Liqası, U-17, U-16, U-15 və digər aşağı yaş qrupları üzrə yarışlar, eləcə də qadın futbolu və futzal yarışları əhatə olunur.
Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Assosiasiyanın rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbirin əvvəlində çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev uşaq futbolunun inkişafı AFFA üçün hər zaman əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Daha sonra match.affa.az platforması və “AFFA İstedadlar” sosial media kanalları təqdim olunub.
Qeyd edək ki, saytda oyunların təqvimi və nəticələri, turnir cədvəlləri, futbolçuların statistik göstəriciləri, komandaların heyətləri və matçlar zamanı baş verən əsas hadisələr öz əksini tapacaq. İstifadəçilər, həmçinin klubların səhifələri, futbolçu profilləri və həftənin rəmzi komandaları ilə tanış ola biləcəklər.
Yeni platforma aşağı yaş qrupları üzrə yarışların daha geniş auditoriyaya çatdırılmasına, gənc futbolçuların göstəricilərinin izlənilməsinə və yerli futbol haqqında məlumatların vahid mənbədən əldə olunmasına imkan yaradacaq.



No Comment! Be the first one.