Varkonyi: Bu, çempionatda keçirdiyimiz ən yaxşı oyunlardan biri idi
“Qarabağ”ın futbolçusu Bense Varkonyinin evdə “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Qarşılaşmanı necə dəyərləndirərdiniz?
– Məncə, yaxşı oyun oldu. Nəticəyə baxsaq, 3:3 — düşünürəm ki, azarkeşlər razı qaldılar, çünki çoxlu qol gördülər. Amma bu cür 3 qol buraxdığımıza görə biz o qədər də məmnun deyilik. Məncə, qolları çox asanlıqla buraxdıq. Bununla belə, son dəqiqədə hesabı bərabərləşdirdik. Düşünürəm ki, həm bu oyunda, həm də çempionat ərzində xeyli inkişaf etmişik. Qazandığımız 1 xala görə sevinməliyik. Amma bir daha deyirəm, məncə, bu, çempionatda keçirdiyimiz ən yaxşı oyunlardan biri idi.
– Oyunda son dəqiqə qolu ilə 1 xal ala bildiniz. Bu növbəti oyun üçün əlavə motivasiya verir?
– Bəli, geridönüş etdik. Rəqib iki top fərqi ilə önə keçmişdi. Amma buna baxmayaraq, biz özümüzü itirmədik, sabit oynadıq və mübarizəni davam etdirməyə hazır idik. Buna görə də bu, bizim üçün yaxşı xaldır.
– Azarkeş dəstəyini necə qiymətləndirirsiniz?
– Bəli, onların burada olmasına şadıq. Düşünürəm ki, onlar üçün də yaxşı oyun oldu. Əlbəttə, biz hər oyunda qalib gəlmək istəyirik. İndi görək, Sabah ilə qarşılaşacağıq. Çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq və orada qələbə qazanaq.
Bahar Rüstəm



No Comment! Be the first one.