Sefas: Sabah”la oyuna yalnız qələbə üçün gedirik
“Qarabağ”ın futbolçusu Renaldo Sefasın evdə “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra Sportify.az-a müsahibəsi:
– Ümumilikdə, oyunu necə dəyərləndirirsiniz?
– Məncə, yaxşı oyun oldu. Bəli, üç qol buraxdıq. Bir oyunda üç qol buraxmaq istəmirik, amma özümüz də üç qol vurduq və bu, müsbət məqamdır. Sonda hesabı 3:3 etməyi bacardıq. Ümumilikdə, hər şey qaydasındadır.
– Oyunun sonuna qədər hesabı bərabərləşdirəcəyinizə inanırdınız?
– Bəli, əlbəttə, buna 100 faiz inanırdıq. Sonuncu künc zərbəsində qapıçımız da irəli getdi. Həmin anda qol vuracağımıza tam əmin idik.
– “Sabah”la oyunla bağlı gözləntiləriniz nədir?
– Ora qələbə qazanmaq üçün gedirik. Yalnız qələbə istəyirik. Bu çempionatda qalib gəlmək, çempion olmaq istəyirik. Bunun üçün liqanın güclü komandalarına qarşı da qələbə qazanmalıyıq. Buna görə də «Sabah»la oyunda üç xal əldə etməyi hədəfləyirik.
– Oyun boyunca sizi dəstəkləyən azarkeşlərə nə demək istərdiniz?
– Bu gün stadiona gəldikləri üçün azarkeşlərimizə çox təşəkkür edirəm. Stadionda bu qədər azarkeş görmək həmişə xoşdur. İstəyirik ki, onlar daim yanımızda olsunlar və bizə dəstək versinlər. Onların dəstəyi bizə hər zaman əlavə enerji verir.
Bahar Rüstəm



No Comment! Be the first one.