Samir Şərifov: Siz dünya futbolunun gələcək nəslisiniz
“Azərbaycan 189 ölkənin milli komandasını bir araya gətirən ilk dünya çempionatına ev sahibliyi etməkdən qürur duyur”.
Sportify.az xəbər verir ki, bunu FIFA U-15 dünya çempionatı və festivalının Təşkilat Komitəsinin sədri, baş nazirin müavini Samir Şərifov turnirin açılış mərasimində deyib.
O, Bakıya gələn iştirakçıları salamlayaraq, FIFA-nın və qurumun prezidenti Canni İnfantinonun təşəbbüsünü yüksək qiymətləndirib: “Təşkilat Komitəsi adından hamınızı bu tarixi anda, ilk dəfə keçirilən U-15 dünya çempionatında salamlayıram. Bakıya, Azərbaycana xoş gəlmisiniz.
Dünyanın demək olar ki, hər yerindən gələn yeniyetmə futbolçular dünya çempionatı səhnəsində öz ölkələrini təmsil etmək kimi ali şərəfə nail olublar. FIFA-nın və Canni İnfantinonun gələcəyə hesablanmış təşəbbüsünü və Azərbaycana göstərdikləri etimadı yüksək qiymətləndiririk. FIFA ilə tərəfdaşlıq etməklə minlərlə gənc idmançıya belə bir müstəsna imkanı yaratmaq Azərbaycan üçün ilhamverici olub.
Prezident İlham Əliyevin rəhbərliyi və bu ideyanı reallığa çevirmək üçün göstərdiyi hərtərəfli dəstəyi bu möhtəşəm turnirin ən yüksək standartlara uyğun keçirəcəyimizin zəmanətidir”.
Təşkilat Komitəsinin sədri turnirin əhəmiyyətinin gələcəyin futbol ulduzlarını üzə çıxarmaqla məhdudlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, yarış hər bir gəncin özünü göstərməsi, inkişaf etməsi və arzularının ardınca getməsi üçün mühüm fürsətdir: “Bu turnir gələcəyin ulduzlarını və çempionlarını üzə çıxarmaqdan qat-qat böyük məna daşıyır. Bu, hər bir oyunçunun dəyərli, hər bir komandanın öz yerinin olduğu və hər bir gəncin yarışmaq, inkişaf etmək və arzularının ardınca getmək şansına layiq olduğu həqiqətin təntənəsidir.
Bu təşəbbüsün həyata keçməsinə töhfə verən hər kəsə – tərəfdaşlara, təşkilatçılara, məşqçilərə, hakimlərə, könüllülərə, eləcə də hər bir oyunçunun arxasında qürurla dayanan ailələrinə, ölkələrinə səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.
Şərifov yeniyetmə futbolçulara da müraciət edərək, onları istedadlarını nümayiş etdirməyə və yarışdan maksimum yararlanmağa çağırıb: “Əziz azarkeşlər, dünya çempionatı və festivalı özünüzü göstərmək üçün böyük fürsətdir. Siz dünya futbolunun gələcək nəslisiniz. İnanırıq ki, gələcək yolunuz sizi dünya futbolunun zirvəsinə, yaxud digər sahələrdə nailiyyətlərə aparmasından asılı olmayaraq, Bakını, Azərbaycanı hər zaman həyatınızın unudulmaz bir mərhələsinin başlandığı yer kimi xatırlayacaqsınız.
Ən yaxşı oyununuzu göstərin, misilsiz istedadınızı ortaya qoyun və hər oyunda futbol sevginiz parlasın. Yekunda arzu edirəm ki, U-15 dünya çempionatı və festivalı möhtəşəm futbol, ömürlük dostluqlar və Azərbaycanda keçirilən unudulmaz anlarla yadda qalsın”.



No Comment! Be the first one.