Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2027-ci il dünya çempionatının təqvimini açıqlayıb.
Sportify.az xəbər verir ki, Ümumdünya Avtoidman Şurasının təsdiqlədiyi təqvimə əsasən, Azərbaycan Qran-prisi 24–26 sentyabr tarixlərində keçiriləcək.
2027-ci il mövsümü martın 12–14-də Bəhreyn Qran-prisi ilə başlayacaq, dekabrın 10–12-də isə Əbu-Dabidə başa çatacaq.
Çempionat 22 ölkədə keçiriləcək 24 mərhələdən ibarət olacaq. Sprint yarışlarının sayı isə 6-dan 10-a yüksəldiləcək.
2027-ci ilin ilk rəsmi mövsümöncəsi testləri fevralın 24–27-də Bəhreyndəki “Sahir” trasında keçiriləcək.
Beləliklə, Azərbaycan Qran-prisi 2026 və 2027-ci illərdə eyni tarixlərdə — 24–26 sentyabrda baş tutacaq.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali 2027-ci il üzrə yarış təqvimi ilə bağlı açıqlama verib.
“2027-ci il təqvimi dünyanın ən məşhur traslarından və ən dinamik şəhərlərindən bəzilərini bir araya gətirərək Formula 1-in daha bir unudulmaz mövsümü üçün möhtəşəm səhnə yaradır. Portuqaliya və Türkiyənin çempionata qayıtmasından, eləcə də sprint yarışlarının sayının 10-a çatdırılmasından məmnunuq. Bu, azarkeşlərə Formula 1-i bu qədər xüsusi edən daha gərgin mübarizə, dramatik anlar və təkər-təkərə duellər vəd edir.
Formula 1 bütün dünyada inkişafını davam etdirir və yeni auditoriyalar qazanır. Dünyanın hər yerindən azarkeşlərimizə təşəkkür edirəm – gördüyümüz hər bir işin arxasında məhz onların bu idmana olan sevgisi dayanır.
Həmçinin FIA-nın prezidenti Məhəmməd ben Sulayemə və FIA-ya, komandalarımıza və pilotlarımıza, promouterlərə, tərəfdaşlara, sponsorlara və yarışlara ev sahibliyi edən şəhərlərə davamlı dəstəklərinə və əməkdaşlıqlarına görə təşəkkür edirəm. Hər bir Qran-prinin keçirilməsini mümkün edən könüllülərin, marşalların və rəsmilərin fədakar əməyini də xüsusi qeyd etmək istərdim”, – deyə S.Domenikali bildirib.
Qeyd edək ki, 2026 və 2027-ci illərdə Azərbaycan Qran-prisi eyni tarixlərdə — 24–26 sentyabr tarixlərində keçiriləcək.



No Comment! Be the first one.