“Turan Tovuz” klubunun İdarə Heyəti sədrinin müşaviri Oqtay Abdullayevin Sportify.az-a müsahibəsi
– Ehtiram Quliyevin klubun İdarə Heyəti sədrliyindən və ümumiyyətlə futboldan uzaqlaşacağı barədə xəbərlər dolaşır. Bu barədə nə deyə bilərsiniz?
– İlk növbədə, onu deyə bilərəm ki, bu gün futbolda klublara sponsor tapmaq olduqca çətindir. “Şamaxı” və “Kəpəz”i götürək, sponsor tapa bilmirlər. Ehtiram Quliyev isə Azərbaycan futboluna xidmət edir, şəxsi vəsaitini xərcləyir. Lakin onu qaçırdırlar.
– Siz bunun əlamətlərini nədə görürsünüz?
– İlk növbədə, hakim qərarlarını qeyd edərdim. Hansı ki, təkcə bu mövsümün ilk 6 turu ərzində 2 oyunda “Turan Tovuz”un 4 xalı əlindən alınıb. Digər tərəfdən, ötən mövsüm komanda nə qədər əziyyətlə Premyer Liqada üçüncü yeri tutaraq, UEFA Konfrans Liqasına vəsiqə qazanmışdı. Lakin avrokuboklara buraxmadılar. UEFA-nın sanksiyasının qüvvədə olduğunu bilirdilərsə, nəyə görə bu vaxtadək demirdilər ki, ay Ehtiram müəllim, ay “Turan Tovuz” klubunun rəhbərliyi, sizin cəzanız var?! Deməli, burada şəxsi qərəzlik var. Mən belə düşünürəm. Kim öz cibinin pulunu futbola sərf etməyə gəlirsə, ona maneə törədirlər. Bunu edənlər, deyərdim ki, futbolun düşmənidirlər.

– Ehtiram Quliyevin klub üçün gördüyü əsas işlərdən hansıları xüsusi qeyd edərdiniz?
– Ehtiram müəllimin Tovuzda komanda üçün necə şərait yaratdığını hamı bilir. Orada AFFA kluba təlim-məşq bazası tiksə də, bu, yetərli deyildi. Ehtiram müəllim “Turan Tovuz”un İdarə Heyətinin sədri seçildikdən sonra əsas komanda üçün dördmərtəbəli böyük bir baza tikdi. Digər binanı isə “Turan Tovuz” Futbol Akademiyasına verdi. Bunu hamı bilir. Eyni zamanda, Ehtiram Quliyev Tovuz şəhər stadionunun əsas meydanının süni örtüyünü təbii otla əvəzlədi. Bu da futbolun inkişafına böyük dəstək idi. Stadionda süni işıqlandırma sistemi quraşdırdı, tablo qoydurdu. Bakının Kürdəxanı qəsəbəsində isə “Turan Tovuz”un məşq etməsi üçün təbii örtüklü meydança saldırdı. Hələ Tovuzda komanda üçün yenə başqa bir sahədə məşq bazası tikir. Belə bir insan futboldan özü getmir, hakimlər və bəzi şəxslər qaçırırlar. Deməli, onlara Azərbaycan futbolunun inkişafı sərf etmir. Mənim mövqeyim belədir.
– Onun futbol ictimaiyyəti arasındakı nüfuzunu necə qiymətləndirirsiniz?
– Futbol camiəsindəkilərin təmiz insanların hamısı Ehtiram Quliyevi tanıyır və xatrini çox istəyirlər. Ona görə ki, Ehtiram müəllim futbola xidmət edir. Bəziləri futboldan pul oğurlayır, o isə öz cibinin pulunu futbol sahəsinə yatırır. Nəyə görə belə adamlar futboldan qaçırılmalıdır? Mən ona baxıram, həqiqətən insan kimi insandır, amma futbolda xəstələnməsə, yaxşıdır. Əksinə, ona dəstək olmaq, köməklik göstərmək lazımdır. O demir ki, mənə gətirib pul verin, şəxsi pulunu xərcləyir də. Ona görə də qaçmasa, yaxşıdır. Açığını deyirəm: Getsə, digər klublara da sponsorlar gəlməyəcək. Belə bir insanı qaçırdırlarsa, kim gəlib hansısa klubu götürəcək? Heç kim! Ona görə də hamımız təkcə Ehtiram müəllimə yox, futbola sponsorluq etmək istəyən hər kəsə köməklik göstərməliyik. Əsas kömək isə futbolda düzgünlükdür. Düzgün futbol olsun!

– Ehtiram Quliyevin gedişi “Turan Tovuz”a və Azərbaycan futboluna necə təsir edə bilər?
– Onun gedişi Azərbaycan futbolu üçün böyük itki olacaq. İnanın mənə. Özüm neçə ildir futboldayam, baş məşqçi və klub funksioneri kimi çalışmışam. Hazırda onunla eyni klubda işlədiyimə görə demirəm. Nə mənim ondan, nə də onun məndən asılı işi var. Mənə ehtiyacı da yoxdur ki, tərifləyim. Gördüyümə əsasən deyirəm ki, belə bir sponsor, belə bir futbola qayğı göstərən şəxs yoxdur.
– “Ehtiram Quliyevi hakimlər futboldan qaçıracaqlar” dediniz. Məgər hakimlərə sifariş verilir?
– Hakimlərə sifariş verildiyini nə görmüşəm, nə də eşitmişəm. Lakin AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Turan Tovuz” əleyhinə penaltinin olmadığını deyirsə, baş hakim isə VAR-ın çağırmasına rəğmən, qərarını dəyişmirsə, o zaman VAR nəyə lazımdır? Nəyə görə VAR sistemini Azərbaycan futboluna gətirmək üçün milyonlarla vəsait xərcləyiblər? Futbolun inkişafını istəyiriksə, futbola yanaşma da düzgün olmalıdır. Nəyə görə Gürcüstan, Özbəkistan, Qazaxıstandan geri qalmalıyıq? Baxın, cənab Prezident İlham Əliyev bizi dünyaya necə tanıtdırdı! Bütün sahələrdə inkişaf olduğu halda, necə ola bilər ki, futbolu qaldırmağı bacarmayaq? Dövlət başçısı idmana böyük diqqət və qayğı ilə yanaşır. Futbola isə xüsusi dəstək verir. Bəzi insanlar isə bu əziyyəti yerə vururlar. İstəməzdim ki, Ehtiram müəllimin də çəkdiyi əziyyət hədər getsin. İstərdim ki, o, klubda qalsın, “Turan Tovuz”u tərk etməsin. Çünki tovuzlu azarkeşlər və futbolsevərlər də onun qalmasını istəyirlər.


No Comment! Be the first one.