Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri Dostluq ordeni ilə təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Ladislau-Marius Vizerlə görüşüb.
Sportify.az xəbər verir ki, görüşdə dövlət başçısı Azərbaycanda cüdonun inkişafına və Bakıda dünya çempionatının təşkilinə verdiyi dəstəyə görə Vizerə təşəkkür edib. Prezident ölkəmizin bu mötəbər yarışa artıq ikinci dəfə ev sahibliyi etdiyini vurğulayaraq, çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
İlham Əliyev cüdonun Azərbaycanda geniş yayıldığını və ölkəmizə ən çox medal qazandıran idman növlərindən biri olduğunu qeyd edib. O, idman sahəsində əldə olunan uğurlarda Bakı ilə yanaşı, regionlarda yaradılan müasir idman infrastrukturunun da rolunu diqqətə çatdırıb.
Ladislau-Marius Vizer isə qəbul üçün dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycan cüdoçularını beynəlxalq yarışlarda qazandıqları medallara görə təbrik edib və ölkədə bu idman növünün inkişafına göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.
Görüş zamanı Azərbaycan Cüdo Federasiyası ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Sonda Prezident İlham Əliyev Ladislau-Marius Vizerə Azərbaycanda və beynəlxalq səviyyədə cüdonun inkişafına verdiyi töhfələrə görə “Dostluq” ordenini təqdim edib.
Qeyd edək ki, Vizer Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə bu ordenə layiq görülüb.



No Comment! Be the first one.