Ayxan Abbasov: Onlar bizi yaxşı tanıyırlar
“Sabah bu rəqibə qarşı ikinci oyunumuzu keçirəcəyik. Məncə, hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Çünki ilk oyunda heç-heçə etmişik”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbsov evdə Litvaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis Əzmkar komandaya qarşı çıxış edəcəklərini bildirib: “Onlar bizdən bir gün əvvəl yoldaşlıq görüşü keçirərək, heyətlərinə bir növ daha çox dinclik veriblər. Bizdə isə son matçımızda bəzi futbolçular 90 dəqiqə meydanda oldular. Dördüncü oyunumuza çıxırıq. Futbolçularımızla söhbətimiz oldu. Əlbəttə, son oyunda təəssüf ki, qalib gələ bilmədik. Amma o oyundan daha yaxşı çıxış etmək məcburiyyətindəyik. Futbolçularıma inanıram. Həqiqətən də çox məyus idilər. Bu görüşü unudaraq, qarşıdakı görüşə mübariz heyətlə qələbə qazanmağa çıxacağıq. İnanıram ki, azarkeşləri sevindirəcəyik”.
Abbasov Lixtenşteynlə qolsuz heç-heçədən sonra yönələn tənqidlərlə əlaqədar psixoloji duruma toxunub: “Əvvəllər də demişdim ki, millidə oynamaq və çalışmaq böyük bir təzyiqdir. Bunlara tab gətirməlisən. Oyundan sonra futbolçularla fərdi söhbətlərimiz olub. Elələri var ki, bu təzyiqi hiss edir və klubdakı o rahatlıq qədər çıxış edə bilmirlər. Həmin oyunçulara baxsaq, milli karyeraları yeni-yeni başlayır, onlara da vaxt lazımdır. Amma təcrübəli futbolçularımız da var. Millimiz belə situasiyalara da düşüb. Komanda olaraq inamlıyıq. Bundan da çətin vəziyyətlər olub, lakin kollektiv bir araya gəlməyi bacarıb. Bir oyunla hər şey bitmir. Bu oyunlar bizə çox şey verir. İstəyirik ki, qrup lideri olaq, xallarımızı, reytinqimizi yaxşılaşdıraq. Gələn Millətlər Liqası tsiklində C Liqası tam başqa cür olacaq. Orada üst səviyyəli rəqiblər daha da çoxalacaq. Komandanı formalaşdırmaq üçün hansısa yolu keçməli, futbolçuları tanımalısan. Hər gün bizim üçün bir sınaq, yenilikdir. İnanırıq ki, bütün bunlar gələcəkdə yaxşılığımıza doğru gedəcək”.
Baş məşqçinin fikrincə, iyun toplanışında Maltaya məğlubiyyət və San Marino üzərində çətin qələbə Millətlər Liqası qarşılaşmalarında yığmanın çətinlik çəkəcəyinə dair həyəcan siqnalı verib: “Bəli, həmin oyunlardan öncə də media nümayəndələri ilə bərabər idik. Orada da bildirmişdim ki, çətin olacaq. Malta ilə oyunda da qol epizodlarımız çox olmuşdu. Müqayisə etdikdə, Lixtenşteynlə oyun da eyni ssenariyə oxşayırdı. Eyni hücumlar idi, sonluq çatmırdı. San Marinoya, Tacikistana qalib gəlsək də, məmnun olmadıq. Biz həm böyük hesablı qələbə, həm yaxşı oyun istəyirik. Başa düşürəm, hamı haqlıdır, azarkeş də haqlıdır. Amma bu gün öz gücümüzü də tam qəbul etmirik. Bəhanə kimi demirəm, reallıq var: Hücum xəttimizdə stabil çıxış edən futbolçu Mahir Emrelidir. Çıxış etdiyi çempionatda ən çox qol vuranımız da odur. Yəni, komanda olaraq, Emreliyə köklənmişik. Vüsal İsgəndərlini də qeyd edə bilərəm – Kosovo çempionatında qollar vurur. Amma digər futbolçularımızın klubdakı qol duyumları azdır, onlar tam ideal formalarında deyillər. Bu da istər-istəməz milliyə təsir edir. Belə çətinliklərin içində motivasiya olmalı, inanmalı, təslim olmamalıyıq. Tam ideal formada olmasaq da, millidə qalib gəlməli, nəticə verməliyik”.
Onun sözlərinə görə, yalnız legioner limitinin ləğvini bəhanə etmək olmaz: “Rüfət Abbasovu misal göstərə bilərəm: Abbasov “Neftçi”də çox yaxşı oyunçu və legionerlə rəqabət aparır. Lakin onu rəqabətdə üstələməyi bacarır. Millimizin futbolçuları klublarda onlara verilən şansları düzgün dəyərləndirməli və rəqabətdə udmalıdırlar. Əlbəttə, bu, iddialı klublarda daha çətindir. Onun rəqabətdə olduğu futbolçunun ustalığı güc baxımından ola bilər ki, daha da yaxşı, çətin olsun. Lakin inandığımız budur ki, məsələn, Renat Dadaşov Ukrayna “Bukovina”sına keçəndən sonra mütəmadi oynamağa başladı. Onun orada yaxşı oynaması birbaşa milliyə təsir edəcək. “Turan Tovuz”da, “Zirə”də, “Neftçi”də və digər klublarımızda oynayan futbolçularımız rəqabətdə udmalıdırlar. Çıxış yolumuz futbolçularımızın özlərinə inanaraq, daha yaxşı formaya yüksəlmələridir. Bizim üçün əsas məsələ budur. Bu, olsa, bizim üçün çətin olmayacaq”.
Təcrübəli mütəxəssis onu da əlavə edib ki, Lixtenşteyni uda bilməmələri Litva yğmasına bir qədər üstünlük verib: “Amma digər liqalar və qruplarda da sabit nəticələr yoxdur, favoritlər qalib gələ bilmirlər. Onlar bizi yaxşı tanıyırlar, inanmıram ki, daha rahat olsunlar. Güc baxımından bir-birimizə yaxın komandayıq. Məncə, yenə meydanda iki komanda arasında mübariz oyun görəcəyik”.
Qeyd edək ki, oktyabrın 4-də “Palms Sports Arena”da keçiriləcək oyun saat 17:00-da başlanacaq.



No Comment! Be the first one.