Rəşad Eyyubov: Nərimanda hər şey çatır
Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariqi 3:0 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, qarşılaşmadan sonra U-21 millimizin baş məşqçisi Rəşad Eyyubov jurnalistlərin suallarını cavablandırıb.
– İlk növbədə bütün oyunçulara təşəkkürümü bildirmək istəyirəm. Çünki doğrudan da çətin bir sikl keçdik və axırda tariximizdə ən yaxşı nəticə ilə bitirdik bu sikli. Buna görə çox şadam.
– Doqquz xal səddini keçdiz. Bu barədə nə düşünürsünüz?
– Düşünürəm ki, biz maksimum realist olmalıyıq və bu günkü reallıqda, məncə, bu, çox-çox yaxşı nəticədir. Deyə bilərəm ki, biz Şotlandiyaya qarşı evdə, Çexiyaya qarşı, Bolqarıstana qarşı, Cəbəllütariqi iki dəfə udduq. Sadəcə, bir oyuna çox təəssüflənirəm – səfərdə Şotlandiya ilə oyuna. Düşünürəm ki, belə bir məğlubiyyət olmamalı idi.
– Ağadadaş Salyanski bu gün dubl etdi. Sizcə, o, milli komanda üçün yetərlidirmi? Göstəriciləri bunu deməyə əsas verirmi?
– Əlbəttə, millinin baş məşqçisi izləyir, bütün oyunçuları tanıyır, bilir və Ağadadaş, məncə, namizəddir, real namizəddir.
– Hazırda U-21-in heyətində olan oyunçularının gələcəyi barədə nə düşünürsünüz?
– Yeni qaydalara, limit ləğv olunandan sonra, əlbəttə, dəqiqələri azalıb və mən buna “okey” baxıram. Düşünürəm ki, mübarizə aparmalıdırlar, daha çox dəqiqə qazanmaq və daha yaxşı kluba keçmək üçün savaşmalıdırlar.
– Bəs sizin U-21 komandamızda gələcəkdə görmək istədiyiniz nədir?
– Görmək istədiyim, ilk növbədə, istəyirəm ki, daha da geniş siyahıda oyunçular olsun, daha çox rəqabət olsun. Bu, birincidir. İkincisi isə, necə biz mübarizə aparardıq, necə dalaşırdıq, necə vuruşurduq hər topa görə, hər oyunda istəyirəm ki, bunu davam eləyək, davam bu tərzdə də oynayaq.
– Nərimanla bağlı sualım olacaq. Onun real qol imkanları yetərincə çox oldu. Bu gün bir neçə qol vura bilərdi. Sizcə nə çatmadı?
– İnanın ki, Nərimanda hər şey çatır və mənim gördüyüm oyunçular arasında deyə bilərəm ki, ən istedadlı oyunçu Nərimandır. Düşünürəm ki, indi bir az çətin perioddur, amma gələcəkdə yenə ən parlaq oyunçulardan biridir və ən istedadlı oyunçulardan biridir.
Bahar Rüstəm



No Comment! Be the first one.