“Neftçi”nin legioneri: O epizodun təkrarına baxmalıyam - MÜSAHİBƏ
“Sabah” Azərbaycan Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə edib: 0:0.
Qarşılaşmadan sonra “Neftçi”nin futbolçusu Viçko Şevel Sportify.az-a müsahibə verdi.
– Matç haqqında təəssüratlarınız necədir?
– Düşünürəm ki, bu, həqiqətən də gərgin və intensiv matç idi. Hər iki komanda üçün çətin keçdi. Bəlkə də bu gün topa daha az sahib olduq, amma daha yaxşı qol imkanlarımız var idi və düşünürəm ki, qələbəyə layiq idik. Ümid edirəm ki, azarkeşlərimiz qələbə üçün nə qədər mübarizə apardığımızı gördülər və komandamızın çıxışından razı qaldılar. Təəssüf ki, 3 xal qazana bilmədik, amma yaxşı oynadığımızı düşünürəm.
– Sizcə, “Neftçi” bu gün iki xal itirdi, yoxsa bir xal qazandı?
– Düşünürəm ki, qalib gəlməli idik, çünki daha çox qol imkanlarımız oldu. Son dəqiqədə də rəqibin həqiqətən yaxşı şansı var idi və qapıçımız əla seyvlə yadda qaldı. Bunu da qeyd etməliyəm. Bəli, hesab edirəm ki, bu gün iki xal itirdik, çünki meydanda daha yaxşı komanda biz idik.
– Meydanda insident yaşandı. Həmin an nə baş verdi?
– Düzü, davanın necə baş verdiyini özüm də görmədim. Sadəcə həmin tərəfə yaxınlaşdım və insidentin yaşandığını gördüm. Hələ də hadisənin təfərrüatlarından xəbərim yoxdur. Kimin kimi itələdiyini və ya kimin kimə zərbə vurduğunu bilmirəm. Vəziyyətin təkrarına baxmalıyam.
– Növbəti oyununuz “Qarabağ”a qarşı olacaq. Həmin matçla bağlı gözləntiləriniz nələrdir?
– İndi bərpa olunmaq üçün vaxtımız var. Bu matça qədər səkkiz günümüz olacaq. Hazırlaşacağıq və qələbə qazanmaq üçün meydana çıxacağıq. “Qarabağ” həqiqətən yaxşı klub və güclü komandadır. Amma biz “Neftçi”yik və hər oyuna qələbə qazanmaq məqsədilə çıxırıq. Ümid edirik ki, növbəti matçda da qalib gələcəyik.
– Ardıcıl olaraq güclü komandalarla oynamaq futbolçuları yorurmu?
– Təqvim belədir, bütün rəqiblərlə qarşılaşmalısan. Bəlkə də bir oyundan sonra tezliklə digər matçın keçirilməsi daha yaxşıdır. Biz hər oyunda qalib gəlməli olduğumuzu düşünürük və hər dəfə qələbəyə ümid edirik. Buna görə də matçların nə vaxt keçirilməsinin o qədər də fərqi yoxdur. İstər indi, istərsə də sonra olsun, biz qazanmaq istəyirik.
– Azərbaycan Premyer Liqasına uyğunlaşma prosesiniz necə gedir? Təəssüratlarınız necədir?
– Düşünürəm ki, hər şey həqiqətən yaxşıdır. Liqanın keyfiyyəti yüksəkdir. Bugünkü qarşılaşma da gərgin və keyfiyyətli oyun oldu. Hələ də şəhərə, yeni mədəniyyətə və buradakı oyun üslubuna uyğunlaşıram. Ümid edirəm ki, hər şey yaxşı gedəcək və komandamızla birlikdə əlimizdən gələni edə biləcəyik.
Bahar RÜSTƏM


No Comment! Be the first one.