Qurban Qurbanov: Sanki nokdaun aldıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, 54 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
– İlk növbədə, hər iki komandanın futbolçularına təşəkkür edirəm. Həmçinin azarkeşlərə belə bir atmosfer yaratdıqları üçün minnətdarlığımı bildirirəm. Futbolçular elə bir oyun nümayiş etdirdilər ki, bu qarşılaşmanın məhz azarkeşlər üçün olduğunu demək olar. Bol qollu, gərgin mübarizəli və yüksək dinamika ilə yadda qalan oyun oldu.
Düşünürəm ki, heç bir komandanın futbolçuları məğlubiyyəti haqq etmirdilər, onlar göstərdikləri mübarizəyə görə təqdirəlayiqdirlər. Hər iki komandanı nümayiş etdirdikləri oyuna və mübarizəyə görə təbrik edirəm. Məncə, bu, çempionatın ən maraqlı oyunlarından biri oldu.
– Sizcə, “Qarabağ” hələ də uyğunlaşma prosesini tam başa çatdırmadığı üçün qələbə qazana bilmədi, yoxsa “Neftçi” xeyli güclənib?
– Qarşımızda çox bərk, intizamlı komanda var idi. Rəqib kollektiv şəkildə yaxşı oynayır və ilk növbədə, rəqibinə öz oyununu göstərməyə imkan vermir. Onlar bu məsələyə maksimum diqqət yetirir və bunu çox yaxşı icra edirlər.
Amma futbolçularımıza təşəkkür edirəm. Onlar çox da əsəbiləşmədilər, səbirli oldular, özlərini itirmədilər, səbirli oldular və sona qədər oyun planından əl çəkmədilər. Bəzi risklərə getdik və sonluq yaxşı oldu. Mübarizəni davam etdirdik və sonda yaxşı nəticə əldə etdik.
Bununla belə, bizim də çatışmazlıqlarımız var. Heyətimiz hələ tam formalaşmayıb, bəzi futbolçuların uyğunlaşma prosesi tam başa çatmayıb. Yeni transferlərimizin bəziləri hələ də zədələrlə üzləşirlər. Sanki hamı zədədən keçir. Ola bilər ki, çempionatlar və məşq prosesləri arasındakı fərqlər də buna təsir edir. Onlar hələ tam uyğunlaşmayıblar.
Mənim üçün əsas məsələ futbolçuların xarakteri idi. Bu gün onların xarakterini gördüm. Əslində, təkcə bu oyunda deyil, əvvəlki qarşılaşmalarda da oyun baxımından müəyyən çatışmazlıqlarımız olsa da, futbolçularımız sona qədər mübarizə aparır və verilən tapşırıqları yerinə yetirməyə çalışırlar.
İnanıram ki, daha yaxşı oynamaq üçün potensialımız var. Buna həm gücümüz çatır, həm də borcluyuq. Qarşıdakı müddətdə daha yaxşı hazırlaşmağa, keyfiyyətli məşq prosesi keçməyə və futbolçularımızı optimal formaya gətirməyə çalışacağıq.
– “Qarabağ”ın əsas gücünün “Sabah”la bəlli olacağı fikri ilə nə dərəcədə razısınız?
– Yox, bununla razı ola bilmərəm. Ola bilər ki, bu gün hansısa oyunda uduzaq, amma qarşıdakı oyunlarda daha yaxşı nəticələr göstərək.
Bu gün düşünsək ki, “Sabah”a uduzduq, deməli, gücümüz yoxdur və gələcəkdə də olmayacaq, yanlış yanaşma olar. Qarşıda bizi uzun bir marafon gözləyir. Futbolçularımızın potensialı var və onlar özlərini indiki vəziyyətdən daha yaxşı göstərə bilərlər. Bunlar olsa, daha yaxşı oyun göstərə biləcəyik.
“Neftçi” və “Sabah” artıq fərqli səviyyəyə yüksəliblər və fərqli futbol nümayiş etdirirlər. Buna görə də biz daha çox çalışmalı, futbolçularımıza rəqiblərin gücünü düzgün izah etməliyik.
Bu çempionatda asan oyun və asan rəqib yoxdur. Təkcə “Neftçi” və “Sabah”ı düşünməməliyik. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və digər komandalar da yaxşı nəticələr qazanır, baxımlı futbol oynayırlar. Klublarda həm baş məşqçilər, həm də rəhbərliklər arasında böyük intriqa var və inam var. Bütün bunlar göstərir ki, bizi mövsümün sonuna qədər gərgin və maraqlı çempionat gözləyir.
– Son aylarda qazandığı nəticələr və nümayiş etdirdiyi oyun “Neftçi”nin gələcəkdə də çempionluq uğrunda “Qarabağ”la mübarizə aparacağını deməyə əsas verirmi?
– Tam əminliklə! Ümumiyyətlə, məsələyə yalnız çempionluq mübarizəsi baxımından yanaşmaq lazım deyil. Meydanda göstərilən oyuna baxmalıyıq.
Bəli, “Neftçi” daha da güclənib, daha inamlı olub və komandanın ətrafında böyük inam var. Bu gün də bunu bir daha göstərdilər. Son vaxtlar Tofiq Bəhramov adına Respublika stadionunda bu qədər “Neftçi” azarkeşinin olduğuna inanmıram.
Bu, onu göstərir ki, klub həm açıqlamalarında, həm də ümumi fəaliyyətində bu mövsümə xüsusi hazırlaşıb və çempionluğa doğru irəliləmək istəyir. Düşünürəm ki, “Neftçi” çempionluq uğrunda mübarizə aparacaq gücdədir.
– Ötən ay AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin işdən çıxarılan 8 əməkdaşı arasında Vətən müharibəsi qazisi Mehman Əşrəfov da var. Belə bir məlumatlar yayılıb ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev onların İcraiyyə Komitəsi üzvlərinin narazılığı nəticəsində vəzifələrindən kənarlaşdırıldıqlarını bildirib. Siz həmin müzakirələrdə iştirak etmisinizmi və onlardan narazı qalmısınızmı?
– Düzü, bu barədə məlumatım yoxdur. Bunu ilk dəfə sizdən eşidirəm. Ola bilər ki, fikirlərini bir qədər fərqli formada ifadə ediblər. Amma mənim bu məsələ ilə bağlı məlumatım olmadığı üçün sizə başqa cavab verə bilməyəcəyəm.
– “Qarabağ”ın avrokuboklardan kənarda qalması yaxşı nəticə olmadı. Amma bunun yeni komandanın qurulmasına müəyyən qədər kömək etdiyini demək olarmı? Çünki sıx oyun qrafikində, üç gündən bir meydana çıxarkən komandanı yenidən formalaşdırmaq çətin olur…
– Bu məsələyə iki cür yanaşmaq olar. Avrokuboklarda iştirak etsəydik, bəlkə də, bu, bizim üçün faydalı olardı. Hazırkı futbolçularımızın çoxu avrokubokların əsas mərhələsində oynamayıb. Onlar əsasən pley-off və təsnifat mərhələsində iştirak ediblər, amma qrup mərhələsinin ağırlığını tam hiss etməyiblər.
Avrokuboklarda və çempionatda eyni vaxtda oynamaq, sabit nəticələr qazanmaq üçün həmin rejimə uyğunlaşmaq vacibdir. Bəlkə də, avrokuboklarda iştirak etmək komandamızın inkişafına kömək edərdi. Digər tərəfdən, sıx oyun qrafiki nəticələrimizə mənfi təsir də göstərə bilərdi.
İndiki vəziyyət bizə Azərbaycan çempionatına daha ciddi yanaşmaq imkanı verir. Bu mövsüm bir daha gördük ki, burada asan oyun yoxdur. Hər qarşılaşmaya daha hazırlıqlı, daha güclü və daha peşəkar yanaşmaq lazımdır. Amma nə olursa olsun, xeyirlisi budur və başqa edəcək bir şey yoxdur.
– Əvvəlki illərdə “Qarabağ” əsas rəqiblərinə qarşı oyunlarda favorit sayılır və çox vaxt qələbə qazanırdı. Sizcə, digər baş məşqçilər artıq Qurban Qurbanovun taktikasını oxuya bilirlər, yoxsa rəqib komandalar gücləniblər?
– Məncə, klublarımız ümumilikdə daha da böyüyüblər. Hər bir komandanın ambisiyaları artıb, futbolçular və məşqçilər daha istəkli olublar.
Həm də futbolda belə bir qayda yoxdur ki, hər il mütləq daha güclü olmalı, çempionluq qazanmalı və ya hansısa kuboku əldə etməlisən. Bu, dünya futbolunda da yoxdur. Əlbəttə, biz daha yaxşı olmaq və titullarımızı qorumaq istəyirik. Amma bu, həmişə mümkün olmur.
“Neftçi” və “Sabah”ın son çıxışları göstərir ki, onlar fərqli yanaşma ilə oynayırlar. Hər iki klubda rəhbərliyin, məşqçilərin, futbolçuların və azarkeşlərin inamı var. Bu, məni bir azərbaycanlı kimi sevindirir.
Əlbəttə, bizim üçün də asan olmayacaq. Ola bilər ki, bəzi oyunlarda məğlub olaq və ya hansısa titulu qazana bilməyək. Ancaq ümumilikdə çempionatın səviyyəsinin yüksəlməsi çoxdan daha da vacib idi və bu, Azərbaycan futbolunun inkişafına xidmət edir.
Ölkəmizə yaxşı və təcrübəli baş məşqçilər gəlir. Düşünmək olar ki, bizə sərf etmir. Ümumilikdə, bütün bunlar Azərbaycan futbolu üçün faydalıdır. Hər bir komandaya uğurlar arzulayıram. Futbol mübarizə oyunudur və azarkeşlər üçün oynanılır. Biz də çalışacağıq ki, hər rəqibə qarşı daha yaxşı futbol nümayiş etdirək və daha inamlı olaq.
– Əvvəlki suala başqa prizmadan yanaşaq. Komandaya çoxlu yeni futbolçu transfer edildiyi üçün uyğunlaşma prosesi ləngiyə bilərmi? Düşünmək olarmı ki, Avropada oynamaq ümidi ilə gəlmişdilər, amma hazırda yalnız çempionatda mübarizə aparırlar?
– Bu gün sizə tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla istədiyim nəticələri əldə edəcəyəm. Hətta daha güclü futbolçular gəlsə belə, istənilən nəticəyə nail olacağımıza zəmanət verə bilmərəm.
Sadəcə, biz 12 il ardıcıl olaraq avrokubokların qrup mərhələsində iştirak etmişdik. Bu il qrup mərhələsinə düşə bilmədikdə sanki nokdaun aldıq. Ümumilikdə, çox yaxşı komandalara qarşı oynadıq. “Tvente”, “Dinamo Kiyev” və MOİK kimi güclü və titullu rəqiblərlə qarşılaşmalarda yaxşı futbol nümayiş etdirdik, mübarizə apardıq və Avropa təcrübəmizi göstərə bildik.
Bəzi uyğunlaşma problemlərimiz ola bilərdi, amma xarakter baxımından komanda yaxşı təsir bağışladı. Bolqarıstanda MOİK-ə qarşı 120 dəqiqə oynasaq da, futbolçulardakı inam, sona qədər mübarizə əzmi var idi. MOİK çox bərk komanda idi. O cümlədən, “Dinamo Kiyev”. Yalnız “Tvente” ilə Bakıdakı qarşılaşmada oyun baxımından problemlərimiz oldu. Buna baxmayaraq, nəticəni öz əlimizdə saxlamışdıq. İlk oyunda 1:0 hesabı ilə qalib gəlmişdik, cavab görüşündə də 82-ci dəqiqəyədək 1:0 hesabı ilə üstünlüyümüzü qoruyurduq. Lakin sonda arzuolunmaz nəticə ilə üzləşdik. Bəzi futbolçuların zədələnməsi də rotasiya imkanlarımızı məhdudlaşdırdı.
Nokdauna düşdükdən sonra geri dönmək asan deyildi. Hələ də bəzən avrokuboklar barədə danışanda həmin oyunları xatırlayırıq və bu, istər-istəməz bizə təsir edir.
Amma biz peşəkar idmançılarıq və başa düşməliyik ki, hər il avrokuboklarda iştirak etmək mümkün olmaya bilər. Orada olmaq məcburiyyətimiz yoxdur. Bizim işimiz daha yaxşı hazırlaşmaq, çempionatda uğur qazanmaq və gələcəkdə avrokuboklarda daha yaxşı çıxış etməkdir. Bəzən nəticə olacaq, bəzən olmayacaq.
Rəhbərliyimiz də bunu anlayır və qəbul edir. Düzdür, azarkeşlərimiz daha artığını istəyirlər. Əmin olsunlar ki, biz işimizin 60-70 faizində məhz onları sevindirməyi düşünürük.
Digər tərəfdən, bu komandanın adı “Qarabağ”dır. Burada nə məşqçilər korpusunda, nə rəhbərlikdə arxayınlaşma, nə də məsuliyyətsizlik ola bilər. Torpaqlarımızın geri qaytarılması ilə başımız dikdir, amma bu, o demək deyil ki, işimiz dayandı və indən belə məğlub olmağı ciddiyə almayacağıq. İnanıram ki, bu komandanın qətiyyəti həmişə qalacaq. Ola bilər ki, istədiyimiz nəticələri dərhal əldə etməyək, bəlkə də, bunun üçün iki il lazım olsun. Amma burada olduğumuz müddətdə “Qarabağ” öz qətiyyətini və ambisiyalarını qoruyub saxlayacaq.
– Hesab 3:1 “Neftçi”nin xeyrinə olduqdan sonra azarkeşlərin tribunadan istefa şüarları eşidildi. Bu barədə nə düşünürsünüz?
– Kimin ünvanına səsləndirirdiyini bilmirəm. Canı sağ olsun.
– “Sabah”ı Çempionlar Liqası oyunlarında dəstəkləyirsiniz. Komandanın çıxışları barədə nə düşünürsünüz?
– Komandaya İnanmaq lazımdır. Mən inanıram ki, yaxşı nəticələr olacaq. “Sabah” hazırda elə səviyyədədir ki, sanki beş-altı ildir avrokuboklarda və qrup mərhələsində iştirak edir. İnanmaq lazımdır və mən də fürsətdən istifadə edərək “Borussiya Dortmund”la oyunlarında da onlara uğurlar diləyirəm. Məndə belə bir inam, əminlik var ki, “Sabah” qarşıdakı oyunda da uduzmayacaq.
İnanıram ki, bu günə qədər bizi necə sevindiriblərsə, bundan sonra da sevindirəcəklər.
– Avrokubok oyunlarında topun meydanda qalma faizi azalmayıb?
– Hansısa oyunda ola bilər ki, heç də ürəkaçan olmasın, daha çox meydan amili ilə bağlı olsun. Amma ümumilikdə bu cür oyunlar mütləq irəliləyişlərə səbəb olur. Həm də yeni qaydalara görə, oyunun sürəti məcburiyyətdən artır. Çox da yıxılıb qalmırıq, yan xətdən topu gəzə-gəzə atmırıq, oyuna daha tez başlayırıq. Yüz faiz dəyişiklik var. Yaxşı, dinamik futbol gedir.
– Azərbaycan yığması Bakıda Lixtenşteyn kimi zəif komandanı məğlub edə bilmədi. Səfər matçında hansısa uğurlu nəticəyə ümid etmək olarmı?
– Gəlin, qalib gəldiyimiz oyunlardan danışaq. Bu gün də daha yaxşı nəticə əldə etməyə şansları var. Qarşıdakı oyunlara pozitiv ovqatda hazırlaşmaq lazımdır. Futbol artıq elə bir səviyyəyə çatıb ki, hansısa oyunda 100 faizlik favorit yoxdur. Ona görə də hamı inkişaf edir, düşünür, çox ciddi hazırlıq keçir. Hamının ən azından əvvəlkinə nəzərən daha yaxşı şəraiti var ki, rəqibi daha yaxından analiz etsin və oyuna daha da yaxşı hazırlaşsın. Ona görə də millimizə, baş məşqçi Ayxan Abbasova və digər məsul şəxslərə uğurlar arzulayıram.



No Comment! Be the first one.