Yuri Vernidub: Bu gün 2 xal itirdik
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub səfərdə “Qarabağ”la 3:3 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportify.az xəbər verir ki, ukraynalı mütəxəssis sualları cavablandırıb:
– Qələbəni niyə əldən verdiniz?
– Bu, idmandır, futboldur. Bəzi hallarda 0:3 hesabı 3:3-ə çevrilir, yaxud da 3 top fərqi ilə öndə olduğun halda, 3:4 uduzursan. Belə hallar da olur. Əsas odur ki, nəticə çıxarıb üzərində işləyəsən. Bu, derbidir, burada heç kim uduzmaq istəmir. Səfərdə oynamağımız bizə heç bir bonus vermir. Mütləq qalib gəlmək lazım idi, lakin bu cür alındı.
– Nəticəni kənara qoysaq, demək olarmı ki, artıq “Nefti” üçün “Qarabağ” və “Sabah” qorxulu rəqib deyil?
– Bəlkə də “Sabah” o qədər də qəbul olunmur, amma Azərbaycanda belə bir fikir var ki, “Qarabağ” – “Neftçi” və “Neftçi” – “Qarabağ” oyunları derbi sayılır. Bunlar o klublardır ki, Azərbaycan çempionatlarında 1000 oyun keçiriblər. Bu, artıq çox şeyi deyir və onu göstərir ki, düz yoldayıq və “Neftçi”nin daha da güclü olması üçün işlərimizə davam edəcəyik. Hər zaman sonadək mübarizə aparacağıq. Qarşımızda duran məqsəd ən yüksəkdə olmaqdır. Necə olacağını növbəti oyunlar göstərəcək. İndiyədək biz çempionatın 1/4 hissəsini bitirmişik. Qarşıda bizi 25 tur gözləyir. Hələ çox şey irəlidədir. Kim ən düzgün yolla davam etsə, qələbə də onun olacaq.
– “Sabah” və “Qarabağ”a qarşı ağır sınaqlarda uduzmasanız da, qələbə də qazana bilmədiniz. Bunu iki oyunda 4 xal itkisi, bugünkü oyunda isə qələbəni əldən verməyiniz kimi qələmə vermək olarmı?
– Ürəkdən, səmimi deyirəm ki, biz iki oyunda 4 xal itirdik. Xüsusən də bu gün 2 xal itirdiyimizi deyərdim.
– “Neftçi” hesabda 3:2 öndə olarkən də topu saxlamağa, vaxtı əritməyə çalışmadı. Bu, sizin futbol prinsipinizə əsaslanır, yoxsa geriyə qayıtma şansınız olsaydı, futbolçularınıza bu tapşırığı verərdinizmi?
– Həmişə istəyirəm ki, “Neftçi” oynasın, vaxtı uzatmasın. Futbolçular meydanda uzanaraq vaxt keçirməsinlər, oynasınlar. Hətta hücumumuz zamanı fit çalınanda da heç kim pis reaksiya vermədi, hər kəs oyunlarına davam etməyə hazırlaşırdı. Ona görə də seçdiyimiz yol budur. Yəni, qaranlıq otaqda qara pişiyi axtarmaq əvəzinə daha doğrusu budur ki, öz səhvlərimizdən nəticə çıxararaq, yolumuza davam edəcək. Çünki bu yolla davam etsək, daha gözəl və güclü komanda olacağıq. Tək istədiyim budur. Onu da həmişə istəyirəm ki, “Neftçi” turnir cədvəlinin ən yüksək mərtəbəsində olsun.
– Sizcə, qayıdıbmı? Hesabda öndə olduğunuz halda, son dəqiqələrdə iki top buraxmaq sizi narahat edirmi?
– İndi danışsaq, əslində çox şeydən danışa bilərik. İndi sakit başla və təmkinlə gedib yatmaq, sabah oyunu analiz etmək lazımdır. Ola bilsin, siz dediyiniz kimidir, hətta belədir. Bunu yalnız oyuna baxdıqdan və analiz etdikdən sonra dəqiq qərar verə bilərəm. İndi bu barədə nə isə demək çox çətindir. İnanın, biz hər bir oyunun çox ciddi təhlilini aparırıq. Hətta ola bilər ki, 40 dəqiqə ərzində nəzəriyyədən danışaq, bu, bəzilərinin xoşuna gəlməsin. Nə və necə edə bilərik? Məsələ budur. Amma düşünürəm ki, futbol elə şahmat kimidir. Oyuna çıxmamışdan əvvəl mütləq düşünmək lazımdır. Bu, yalnız topu vurmaqla bitmir. Hansı hallarda ötürmə verməyin, oyunu qurmağın hər zaman tərəfdarıyam. Bunu etməyi öyrənsək, hər şey yaxşı olacaq.
– Rza Cəfərovun hər 3 qolda kobud səhvi var idi. Emil Balayev də Konfrans Liqasında yanlışlığa yol verdi. Yayda qapıçı transfer etmədiyinizə görə peşmançılıq duyursunuz?
– Bu, barədə çox şey demək olar. Amma elə deyil, çünki hər ikisi azərbaycanlı olaraq, çox gözəl qapıçıdır, gözəl də çıxış edirlər. Sadəcə, belə alındı ki, bugünkü matçdan əvvəl Emil xəstələndi, 38 dərəcə temperaturu olduğu üçün oynaya bilmədi. Əvəzinə Rza çıxdı. Səhvlər hər bir halda ola bilər. Hətta Avropanın ən tanınmış komandaları da səhvlər edə bilərlər. Amma bunlar o mənanı verməməlidir ki, qapıçı transfer etməməyimizdəndir. Oyunda belə şeylərin olması mümkündür. Emil millinin əsas qapıçısıdır, Rza da millidə yer alıb, Məhdi Həsənov U-19 yığmasında oynayır. Hələ daha bir gənc qapıçımız da var. Yəni, əlimizdəki yerli kadrlar üzərində işləmək, onları inkişaf etdirmək, qapıçı məşqçilərinin onlarla birgə çalışaraq, vaxt keçirməsi daha uyğundur, nəinki kənardan axtarıb gətirmək. Bununla həm də milli üçün qapıçı ehtiyatı formalaşdıracağıq.



No Comment! Be the first one.