"Sabah" "Borussiya Dordmund"a uduzdu – YENİLƏNDİ
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində III turun oyununa çıxıb.
Sportify.az xəbər verir ki, rəqib Almaniyanın “Borussiya Dortmund” komandası olub.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.
Matça fəal başlayan “Borussiya Dortmund” artıq 10-cu dəqiqədə hesabı açıb. Qvineyalı hücumçu Seru Girassi “Sabah”ın qapıçısı Stas Pokatilovun qaytardığı topu tora göndərib.
Tədricən oyunun gedişində tarazlıq yaradan meydan sahibləri bunu qarşılaşmanın sonlarına doğru hesabda da nümayiş etdirməyi bacarıb. 39-cu dəqiqədə Aden Makkarti cərimə zərbəsindən sonra topa başla dəqiq zərbə endirib.
Fasilədən sonra da “Borussiya Dortmund” qol vurmağı bacarıb. Bu dəfə Girassi 53-cü dəqiqədə qapı qarşısına ötürülən topu hədəfə tuşlayaraq, “dubl edib”.
Qarşılaşmanın sonlarına doğru “Sabah”ın bərabərlik qolu üçün imkanları olsa da, yararlanmaq mümkün olmayıb.
Beləliklə, Azərbaycan təmsilçisi Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü matçında ikinci məğlubiyyətlə üzləşib.
“Borussiya Dortmund” isə ikinci qələbəsini qazanaraq, xalını 6-ya çatdırıb.
Qeyd edək ki, “Borussiya Dortmund” ilk turda İspaniya “Vilyarreal”ını 3:2 hesabı ilə məğlub etsə də, ötən tur Norveçdə “Budö Qlimt”ə uduzub – 0:1.
“Sabah” isə İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqdan sonra evdə Çexiyanın “Slaviya Praqa” komandasını yenib – 2:0.
“Sabah” noyabrın 4-də Norveçdə “Vikinq”in qonağı olacaq, “Borussiya Dortmund” isə İspaniya “Betis”ini qəbul edəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya) – 1:2
Qollar: Aden Makkarti, 39 – Seru Girassi, 10; 53
Baş hakim: Xavyer Alberola (İspaniya)
Köməkçi hakimlər: Alfredo Moreno, Karlos Alvarez Fernandes (İspaniya)
Dördüncü hakim: Viktor Qarsiya Verdur (İspaniya)
VAR: Sezar Soto Qrado (İspaniya)
AVAR: Valentin Qomez (İspaniya)
Bakı Olimpiya Stadionu.



No Comment! Be the first one.