Alleqri 2 oyunluq diskvalifikasiya olunub və cərimələnib
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri “Roma” ilə oyunun sonunda baş verən hadisələrə görə 2 oyunluq diskvalifikasiya edilib və 10 min avro məbləğində cərimələnib.
Sportify.az xəbər verir ki, Alleqri “Roma”nın 89-cu dəqiqədə vurduğu qolun qeydə alınmasına etiraz edib. İtalyan mütəxəssis hesab edib ki, qoldan əvvəl “Napoli”nin müdafiəçisi Leonardo Balerdinin rəqib futbolçu Samu Bekemə qarşı qayda pozuntusu olub.
Baş hakim Andrea Kolombo etirazlarına görə Alleqriyə qırmızı vərəqə göstərib. Bundan sonra baş məşqçi dördüncü hakimlə mübahisə edib və pencəyini çıxararaq tribunaların altındakı dəhlizə keçib.
Alleqri İtaliya çempionatının növbəti iki turunda komandasının oyunlarında texniki zonada ola bilməyəcək.
Qərarda Alleqrinin hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyi, soyunub-geyinmə otağında da hakimlərə qarşı hörmətsiz ifadələr səsləndirdiyi və rəqib komandanın nümayəndəsinə qarşı aqressiv davranış nümayiş etdirdiyi qeyd olunub.
“Napoli” qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Diskvalifikasiya qüvvədə qalarsa, Alleqri “Montsa” və “Yuventus”la oyunlarda texniki zonada olmayacaq.



No Comment! Be the first one.