DÇ-2026-dan rekord gəlir - Qətərdəki göstəricini 5 dəfə üstələdi
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı FİFA-nın gəlirlərini rekord həddə çatdırıb.
Sportify.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun açıqlamasına görə, turnirin ümumi gəliri 15 milyard dollara çatıb. “The Athletic” nəşrinin məlumatına əsasən, bu məbləğin təxminən 5 milyard dolları biletlərin və qonaqpərvərlik paketlərinin satışından əldə olunub.
Beləliklə, bu gəlir 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının eyni mənbələrdən əldə etdiyi 929 milyon dolları təxminən 5,4 dəfə üstələyib. Bununla belə, 2026-cı il üzrə rəqəmin audit prosesi davam etdiyindən yekun məbləğin dəyişə biləcəyi bildirilir.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında oyunların sayı əvvəlki turnirlə müqayisədə 64-dən 104-ə yüksəlib.
FİFA-nın bilet siyasəti isə ciddi tənqidlərə səbəb olub. Təşkilat ilk dəfə dinamik qiymət tətbiq edib, təkrar satışa çıxarılan biletlərdən də 30 faiz pay götürüb. Turnirin final matçına biletlər 4 185 dollardan satışa çıxarılıb. Bu, Qətərdəki dünya çempionatının finalı üçün ən ucuz biletin qiymətindən təxminən 7 dəfə çox olub.
Bilet qiymətlərinə görə Avropa Futbol Azarkeşləri Birliyi və Euroconsumers istehlakçı hüquqları təşkilatı Avropa Komissiyasına rəsmi şikayət ünvanlayıb.
FİFA-nın məlumatına görə, turniri stadionlardan ümumilikdə 6,81 milyon azarkeş izləyib, oyunlarda doluluq səviyyəsi 99,7 faiz təşkil edib.
Qurum əldə olunan gəlirlərin futbolun inkişafına yönəldiləcəyini açıqlayıb. Bundan başqa, 2027–2030-cu illər üçün üzv federasiyalara nəzərdə tutulan maliyyələşmənin 6,35 milyard dollara çatdırılması təklif olunub.


No Comment! Be the first one.