Ayxan Abbasov: Bu, bizə zərbə ola bilər
“Qrupda son oyunumuza çıxacağıq. Daha sonra Andorra ilə yoldaşlıq matçı olacaq və beləliklə, bu il komandamız üçün bitəcək”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında səfərdə Lixtenşteynə qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis ən vacib oyuna çıxacaqlarını bildirib: “Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Bakıda bərabərliyə qalmışdıq. Rəqibi tanıyırıq, evdə daha inamlı oynadıqlarını bilirik. Buna baxmayaraq, komanda kimi görüşə hazırıq. Sevindiricidir ki, futbolçularımız ilk məşqə çox yüksək əhval-ruhiyyədə qatılıblar. Premyer Liqada mübarizənin ən qızğın vaxtıdır, futbolçularımız ideal formadadırlar. İnanıram ki, sabah vacib olan qələbəni qazanacaq və qrup lideri olacağıq”.
Abbasov sosial şəbəkələrdə özü barədə edilən paylaşımlara çox da fikir vermədiyini və yalnız oyuna konsentrasiya olunduqlarını dilə gətirib: “Əlbəttə, müasir dövrdür, futbolçular sosial şəbəkələrdədirlər. İstər-istəməz onlara təsir edə bilər. Onlarla ilk toplanış günündən tam rəqiblə qarşılaşmaya köklənmişik. Mətbuat konfransına da iclasımızdan çıxıb gəldim. Kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Milli komandayıqsa, bu təzyiqlər, belə fikirlər olmalıdır. Hər xırda detala görə konsentrasiyamızı pozsaq, bu, bizə zərbə ola bilər. Əlbəttə, bu təzyiqlər normaldır və cavabı yalnız qələbədir”.
O, İtaliya “Sampdoriya”sından milliyə dəvət almasına baxmayaraq, zədə səbəbindən toplanışa qatıla bilməyən hücumçu Lorentso Metsotterro ilə bağlı məsələyə də aydınlıq gətirib: “Təkcə Metsoterronu deməzdim. Sevindirici hal odur ki, yığmada gənc futbolçuların sayı çoxalıb. Lakin yalnız Lorentso haqqında danışılması mənə təsir edir. Halbuki Nihad Əhmədzadə, Murad Məmmədov, Eşqin Əhmədov kimi U-21 yığmasından gələn futbolçuları daha çox dəstəkləmək lazım idi. U-21-dən birdən-birə 7-8 futbolçunun əsas milliyə dəvət olunması yadıma gəlmir. Gənclər millisi ilə son seçmə tsikldə Portuqaliya ilə keçirdiyimiz ilk oyunumuzdakı heyətdən 7 oyunçu bu gün bizimlə bərabərdir. 3-4 ay ərzində iki komanda arasında bu cür körpünün qurulması böyük işdir. Suala gəlincə, əlbəttə, Lorentsonu izləyirdik. Daha əvvəl özü Azərbaycan millisində çıxış etmək istəmişdi. Aşağı yaşlılardan ibarət yığmaya dəvət almış, U-21-də rəsmi oyuna çıxmışdı. Onu Cəbəllütariqə qarşı oyunda izləmişdim. Öz klubunda isə son 2 qarşılaşmada çox yaxşı çıxış etdi və diqqətimizi çəkdi. Adı geniş siyahımızda var idi. Son anda 23 futbolçu siyahısına daxil edildi. “Sampdoriya”nın heyətindəki son oyununun ardından kiçik zədəsinin olduğu bildirildi. Biz də buna inandıq. Yenə yaxşı formada olsa, gələn toplanışlara da dəvət olunacaq. Amma Azərbaycan millisində oynamaq istəməsə, qərar özünə məxsus olacaq. Həmişə demişəm: Milli forma sevilməli, ona dəyər verilməlidir. Milli formanı geyinməkdə heç bir məcburiyyət olmamalıdır. Bu gün sevindirici hal odur ki, hücumçularımız çempionatda yavaş-yavaş oynamağa başlayıblar. Xüsusən, son oyunlarda Ağadadaş Salyanskinin “Araz-Naxçıvan”da, Seyxan Fərəcovun “İmişli”də çıxış etməsini qeyd edərdim. Heyətə Premyer Liqadan da hücumçular çağırılıb. Gələcək toplanışlarda baxacağıq. Yaxşı formada olsa, dəvət edəcəyik. Bu da onun özündən asılı olacaq”.
Baş məşqçi legionerlərin durumundan da danışıb: “Əlbəttə, geniş heyətimiz var. Biz iki oyunu düşünərək, bu qədər futbolçu çağırmışıq. İkinci oyunumuza vaxt azdır. Futbolçuların bərpası sarıdan çətinliklər olacaq. Ona görə də rotasiyalar edəcəyik. Ümumən, fiziki cəhətdən son oyunlarımızda problem olmayıb. Lixtenşteynlə qarşılaşmadan sonra Litva ilə matçımızı götürsək, psixoloji gərginliyimiz olsa da, futbolçularımız xarakter göstərdilər. Çünki mühüm qalibiyyət idi. O qalibiyyət olmasaydı, bizə çətin olacaqdı. Məncə, sabah da o problem olmayacaq. Legionerlərimizdən Mahir Emreli son oyununu çox yaxşı keçirib. Toral Bayramov və Anton Krivotsyukun klublarındakı son matçlarında əsas heyətdə oynamaları bizi sevindirdi. Sevindiricidir ki, futbolçularımız daha çox meydançada olurlar və məncə, legionerlərimiz də hazırdırlar”.
Abbasov start heyətində əsasən, Litvaya qarşı meydana buraxdığı “11-liy”ə güvənəcəyini vurğulayıb: “İnanmıram ki, sabah təəccüblənəsiniz. Son oyuna yaxın start heyətimiz olacaq. Bir mövqedə dəyişiklik edəcəyik. Toral da əvvəlki mövqeyində çıxış edəcək”.
Təcrübəli mütəxəssis “Sumqayıt”dan dəvət etdiyi Nihad Əhmədzadəyə vinger kimi güvənmək istədiyini dilə gətirib: “Mən Nihadı milliyə mərkəz hücumçusu kimi çağırmamışam. “Sumqayıt”da baş məşqçi olduğum vaxt onun 15 yaşı var idi və ilk dəfə əsas komanda ilə məşqlərə dəvət etmişdim. Potensiallı futbolçudur. Məncə, bu toplanışda onu və Murad Məmmədovu qazanacağıq. Muradı hələ ötən toplanışa çağırmaq istəyirdim, lakin o ərəfədə zədələndi. Nihad universal futbolçudur. Məncə, o da Toral Bayramov kimi cinahlarda oynaya bilər. Həm də sistemdən asılıdır. Bizim sistemdə 2-3 mövqedə çıxış edə bilər. İrəlidə zamanları var. Çalışacağıq ki, qarşıdakı iki oyunda debüt etsinlər. Bunun üzərində çox işləyirik”.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərindəki “Raynpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.



No Comment! Be the first one.