Toral Bayramov: Bircə qapı qalıb
“Arxada qalan Zəfər Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
Sportify.az xəbər verir ki, bunu Azərbaycan millisisinin futbolçusu Toral Bayramov səfərdə Lixtenşteynə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının D Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
Müdafiəçi qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib: “Bakıdakı matçda hesab açılmamışdı. Rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inam var, bu görüşə ciddi hazırlaşmışıq. İnanırıq ki, istədiyimizi meydanda həyata keçirməklə xalqımıza qələbə sevinci bəxş edə biləcəyik”.
Milliyə Türkiyə “Bursaspor”undan dəvət almış 25 yaşlı cinah oyunçusu komanda adından əlavə edib ki, qarşılaşmaya maksimum hazırdırlar: “Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Keçmişə boylansaq, qol epizodlarına niyə girə bilmədiyimizə dair suallar var idi. İndi isə çoxlu epizodlara giririk və bu da sevindirici haldır. Bakıda ələ düşən imkanları dəyərləndirmə bilməmişdik. İnanıram ki, sabah bu imkanlardan maksimum yararlanaraq, istədiyimkiz nəticəni əldə edəcəyik”.
O, “Hansı cinahda oynamaq istərdiniz” sualını isə belə cavablandırıb: “Milli komanda bizim qürur yerimizdir. Burada oynamaqdan qürur duyuruq. Əsası oynamaqdır. Mənim üçün hansı mövqedə çıxış etməyin fərqi yoxdur. Baş məşqçimiz harada şans versə, harada inansa, orada əlimdən gələnin ən yaxşısını etməyə çalışıram, Bircə qapı qalıb, orada da inşallah (gülür – red.)”.
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərindəki “Raynpark” stadionunda keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.



No Comment! Be the first one.