Ronaldinyo futbola qayıdır
Braziliyalı futbol əfsanəsi Ronaldinyo yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Sportify.az xəbər verir ki, bu barədə İtaliyanın “Ravenna” klubunun baş məşqçisi Andrea Mandorlini məlumat verib.
Mütəxəssis 46 yaşlı sabiq futbolçunun komandanın növbəti oyununda start heyətində meydana çıxacağını bildirib:
“O, oyuna əsas heyətdə başlayacaq, buna heç bir şübhə yoxdur. Meydanda nə qədər vaxt keçirəcəyinə isə birlikdə qərar verəcəyik.
O, müasir dövrün ən görkəmli futbolçularından biridir. Bizə isə nəticə lazımdır. Komandam həmişə üç hücumçu ilə oynayır və o da onlardan biri olacaq”.
Qeyd edək ki, İtaliyanın C Seriyasında mübarizə aparan “Ravenna” noyabrın 15-də öz meydanında “Forli” ilə qarşılaşacaq.
Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub. O, 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. Karyerası ərzində “Barselona”, PSJ, “Milan”, “Qremio” və digər klublarda çıxış edən əfsanəvi futbolçu 2018-ci ilin yanvarında karyerasını başa vurduğunu açıqlamışdı.



No Comment! Be the first one.