“Sabah”ın legioneri baş məşqçinin etimadını itirdi
“Sabah”ın futbolçusu Timoteuş Puxaç Polşa millisinin baş məşqçisi Yan Urbanın etimadını itirib.
Sportify.az xəbər verir ki, polşalı jurnalist Davud Şımçak “Meczyki” kanalının proqramında 27 yaşlı müdafiəçinin son çıxışının baş məşqçidə narazılıq yaratdığını bildirib.
Jurnalistin sözlərinə görə, Puxaç Polşa millisinin İsveçə qarşı keçirdiyi son oyunda özünü yaxşı tərəfdən göstərə bilməyib. Həmin qarşılaşmada o, 65-ci dəqiqədə Pşemıslav Frankovski ilə əvəzlənib. Frankovski isə toplanışın sonunadək baş məşqçinin əsas seçiminə çevrilib.
Şımçak hesab edir ki, Frankovskinin zədələnərək heyətdən çıxmasına baxmayaraq, bu, Puxaçın yenidən meydana çıxacağı anlamına gəlmir:
“Frankovskinin sol cinah müdafiəçisi mövqeyinə keçirilməsi Puxaça etimadsızlığın müəyyən göstəricisi idi. Solnada keçirilən oyundan əvvəlki mətbuat konfransında da məşqçinin ona güvənmədiyini, hətta ondan narazı olduğunu hiss etmək mümkün idi.
Mən Yan Urbanın ehtiyat oyunçular skamyasının arxasında oturmuşdum və epizodlardan birindən sonra onun reaksiyasını gördüm. Bu, baş məşqçinin ən çox əsəbiləşdiyi an idi. Bir qədər sonra Puxaçı əvəzlədi. Bu, emosiyaların təsiri ilə verilmiş qərar idi. Ümumi vəziyyəti nəzərə alaraq düşündüm ki, Puxaç bu baş məşqçinin rəhbərliyi altında bir daha oynamayacaq. Məncə, ona qarşı etimad hələ də aşağıdır”.
Qeyd edək ki, Puxaç hazırda Azərbaycan təmsilçisi “Sabah”ın formasını geyinir. O, Polşa millisinin Rumıniya və İsveçlə oyunlar üçün açıqlanan heyətinə dəvət alıb.



No Comment! Be the first one.