Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş medalçıları taekvondoçu Adil Kazımlı (73 kq), boksçu Gülər Hüseynova (51 kq) və Oyunlarda iştirak etmiş digər idmançılar Vətənə qayıdıblar.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasiminə MOK, Azərbaycan Taekvondo və Boks Federasiyalarının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri də qatılıblar.
Xatırladaq ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Azərbaycan bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla 1-ci olub. Yaponiya 11 qızıl, 8 gümüş və 9 bürünc medalla 2-ci, Rusiya isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla 3-cü yeri tutub.



No Comment! Be the first one.