Zaman-zaman futbolumuzun inkişafı üçün uşaq futboluna diqqət ayrılmasının vacibliyindən danışılır. Bu barədə mənim düşüncələrim də fərqli deyil. Futbolumuzun inkişafını istəyiriksə, uşaq futboluna diqqət ayırmalıyıq.
Uşaq futbolunun inkişaf etməməsinin müxtəlif səbəbləri göstərilir: meydança, şərait, məşqçi amili, mentalitet, inventar və s.
Mən bu yazıda uşaq futbolunda az toxunulan bir məsələdən danışacağam. Bu barədə bir dəfə yazmışam, yenə də diqqəti həmin məsələyə yönəltmək istəyirəm. Çünki çox vacibdir.
Söhbət uşaq məşqçisinin qazancından gedir.
Bu gün Avropa səviyyəli futbolçu yetişdirməsini tələb etdiyimiz uşaq məşqçisi Avropanın digər ölkələrində futbolçu yetişdirən həmkarları qədər maaş alırmı?
Xeyr.
Cüzi istisnalarla, uşaq məşqçilərinin əksəriyyəti 400–500 manat əməkhaqqı alır, bəziləri isə bundan da az qazanır. Bu pulla, təbii ki, dolanmaq və keyfiyyətli iş ortaya qoymaq çətindir.
Nə qədər alırsan, o qədər verirsən. Başqa sözlə, məşqçinin qazancı onun işinə təsir edən amillərdən biridir. Keyfiyyətli iş ortaya qoymaq üçün uyğun şərait, o cümlədən normal maddi təminat olmalıdır.
Hamı deyir ki, aşağıdan başlamaq lazımdır. Amma bir soruşan yoxdur ki, aşağı pilləni hazırlayanın vəziyyəti necədir. Nə yeyir, nə içir, necə dolanır?
Məşqçi dolanışığını təmin etməlidir ki, diqqətini və enerjisini futbolçu yetişdirməyə yönəldə bilsin.
Bu gün uşaq liqalarında yarışlara uşaqları gətirən məşqçilərin hamısı fədakar adamlardır.
Fədakar deyərkən heç bir şişirtməyə yol vermirəm. Məsələn, Şimal zonası soyuq iqlimli bölgədir. Payız-qış mövsümündə havalar əsasən yağışlı keçir. Bu cür havalarda məşqçilər qarlı-yağişlı Qusardan, Qubadan uşaqları yarışlara gətirirlər. Yağışa, soyuğa baxmadan.
Bu liqalarda 8–9 yaşından 14 yaşınadək uşaqlar yarışırlar. Kənardan müşahidə etsək, görərik ki, məşqçilər təkcə texnika və taktika ilə məşğul olmurlar. Bir məşqçi əyilib uşağın ayaqqabısının bağını bağlayır, digəri birinci hissədən sonra uşağın əynindəki geyimi hava şəraitinə uyğunlaşdırır ki, uşaq tərləyib soyuqlamasın.
Uşaq məşqçisinin işi yalnız oyuna uşaq gətirməklə bitmir. Həftə ərzində uşaqlara məşq keçir, onları növbəti həftə baş tutacaq yarışa hazırlayır. Amma onu da nəzərə almaq lazımdır ki, bu işi lazımi səviyyədə görmək üçün məşqçinin arxasında maddi təminat olmalıdır.

Mən demirəm ki, məşqçilərə yüzminlik, milyonluq müqavilələr verilsin. Xeyr, heç olmasa, yaşayış minimumu səviyyəsində gəlirləri olsun. Yeməyini ala bilsin, kommunal xərclərini ödəsin, sabah bir toya, məclisə çağırılanda ora getməyə pulu olsun. Bir sözlə, minimum səviyyədə maddi sabitliyi olsun ki, fikrini və enerjisini uşaqlara yönəldə bilsin.
Hər oynanılan oyun, bu oynanılan oyunlarda uşaqların etdiyi səhvlər, bu səhvlər nəticəsində buraxılan qollar… Bunlar bilirsiz məşqçiyə nə qədər əsəb, stress gətirir? Uşağın oyunda etdiyi hər bir səhv məşqçinin ağaran saçıdır. Və bütün bunların qarşılığı minimum əmək haqqı səviyyəsində olmamalıdır.
***
Bundan əvvəl paylaşdığım yazıma dəyərli jurnalistlərdən biri rəy yazmışdı ki, akademiyalarda məşqçilərə 10 ay maaş verilir, həm də aşağı məbləğdə. Bu fikirlərdən belə başa düşmək olur ki, verilən cüzi maaş çempionatın keçirildiyi zamanı əhatə edir. Bəs yarışlar bitdikdən və yeni mövsüm başlayanadək uşaq məşqçisinin necə dolanacağı heç düşünülürmü? Maaş da o qədər azdır ki, məşqçi həmin puldan ehtiyat da toplaya bilmir ki, maaş almadığı aylarda istifadə edə bilsin.
Futbol yalnız çempionatdan, oyunlardan ibarət deyil. Komandanı oyunlara hazırlamaq dövrü var ki, bu da yarışlardan 2–3 ay əvvəl başlayır. Amma həmin dövrdə məşqçiyə maaş verilmir.
Bu yanaşmada futbolun vacib bir məqamı nəzərdən qaçırılır. Komandanın yüksək səviyyədə çıxışı mövsümöncəsi hazırlıqdan çox asılıdır. Əgər məsələn, çempionat sentyabrda başlayırsa iyul və avqust aylarında görülən hazırlıq komandanın mövsüm boyu oyununa ciddi təsir göstərir. Yəni mövsümöncəsi hazırlıq məşqçinin ən gərgin çalışdığı dövrlərdən biridir.
Başqa sözlə, məşqçi bütün ili işləyir, sadəcə onun fəaliyyətinin gözlə daha aydın görünən hissəsi çempionat dövrünə təsadüf edir. Yalnız gözlə görünən dövrə pul verib, qalan dövrü nəzərdən kənarda saxlamaq nə deməkdir? Bu, futbola qeyri-peşəkar yanaşmadır.
Çempionat keçirilməyən vaxt maaş almayan məşqçi həmin dövrdə komandanı hazırlamalıdır, yoxsa dolanışığını təmin etmək üçün əlavə gəlir mənbələri axtarmalıdır? Belə vəziyyətdə o, komandanı yarışlara necə hazırlaya bilər?
İki-üç ay ərzində ödənilməyəcək 700–800 manat klubun və ya təşkilatın hər hansı problemini çətin ki həll etsin. Amma bu məbləğ məşqçi üçün böyük əhəmiyyət daşıyır və onun işinə ciddi stimul verə bilər.
Ola bilsin ki, hansısa məşqçi mövsümöncəsi hazırlığa bir ay gec başlasın. Bu, heç də uşaq məşqçisinin fəaliyyətsizliyi anlamına gəlməməlidir. Məşqçinin də enerji toplamağa, istirahət etməyə ehtiyacı var. Bu, yeni mövsümə gümrah başlamaq üçün vacibdir.
Amma məşqçi gəlirsiz qalarsa, istirahət etmək əvəzinə dolanışığını təmin etmək üçün başqa iş axtarmalı, işləməli olacaq. Beləliklə, nə lazımi qədər istirahət edə biləcək, nə də fikrini tam şəkildə yeni mövsümə hazırlığa yönəldə biləcək. Daim əlavə qazanc mənbələri barədə düşünmək, maddi narahatlıq içində yaşamaq keyfiyyətli hazırlığa mane ola bilər. Bütün bunlardan sonra deyilir ki, bizim uşaq məşqçiləri Avropa səviyyəli futbolçu yetişdirə bilmir.
Avropa səviyyəli gələcəyin futbolçusunu yetişdirmək üçün uşaq məşqçisi savadlı və bilikli olmalıdır. O, futbolla yanaşı, bir çox başqa sahələrdən də (məsələn psixologiya, anatomiya, fiziologiya, sosiologiya və s. sahalərdən) xəbərdar olmalı, mütaliə etməli, daim öz üzərində işləməlidir.
Bu bilik və bacarıqları əldə etmək, peşəkar səviyyəsini artırmaq üçün məşqçinin normal maddi təminatı olmalıdır ki, o, boş vaxtını ixtisasının artırılmasına, biliklərinin inkişafına yönəldə bilsin, daha əlavə gəlir yerləri axtarmasın.
Bütün bunlar gələcəyin ulduzunun, Avropa səviyyəli futbolçunun yetişməsinə mane olan səbəblərdəndir. Sonra da soruşurlar: “Hanı sənin yetişdirdiyin futbolçu?”
Bəli, tələb olunmalıdır! Amma tələb etməmişdən əvvəl şərait yaratmalısan.
Bir sözlə, futbolumuzun inkişafını istəyiriksə, yalnız uşaq futbolunun problemlərindən danışmaqla kifayətlənməməliyik. Bu sahənin əsas iştirakçılarından biri olan uşaq məşqçisinin vəziyyətini də düşünməliyik. Ondan keyfiyyətli futbolçu yetişdirməyi tələb ediriksə, həmin işi keyfiyyətlə görməsi üçün lazımi şəraiti də yaratmalıyıq.
Çünki uşaq futboluna diqqət, ilk növbədə, uşaqlarla gündəlik çalışan məşqçinin əməyinə diqqətdən başlayır.
Vüqar MƏMMƏDOV



No Comment! Be the first one.