Məhəmmədəli Osmanlı: UFC-də əsas hədəfim kəmər qazanmaqdır
UFC-də (Mütləq Döyüş Çempionatı) növbəti döyüşünə çıxacaq Məhəmmədəli Osmanlı onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Sportify.az xəbər verir ki, 22 yaşlı idmançı əvvəlcə fikirlərini bölüşüb:
– Diskvalifikasiya qərarından sonra menecerimlə danışdım və yenidən döyüşmək istədiyimi bildirdim. Buna görə də Azərbaycana qayıda bilmədim. Yenidən hazırlıqlara başladım, iki ay ərzində bütün lazımi işləri gördüm. Mənə elə gəlir ki, hazırda çox yaxşı vəziyyətdəyəm. Formam əladır. İnşallah, böyük qələbə qazanacağam.
– Azərbaycana qələbə ilə qayıtmaq istədiyin üçün bu dəfə vətənə gəlmədin?
– Bəli, əlbəttə. Təbii ki, qələbə qazanmağa çalışıram. İnşallah, vətənə qalib kimi qayıdacağam.
– Dəfələrlə UFC çempionu olmaq istədiyini demisən. TUF 34-də yaşadığın diskvalifikasiya sənə əlavə motivasiya verib?
– Belə deyim, həmin döyüşü özüm üçün qələbə kimi qəbul etmişəm. Qələbə qazandığımı düşünürəm, sadəcə diskvalifikasiya qərarı verildi. Təbii ki, bu, mənim üçün heç bir əngəl deyil. Əksinə, daha çox motivasiya verir. İdmançının karyerasında belə hallar olur. TUF 34-də döyüşdüm, finala çıxdım və orada diskvalifikasiya olundum. Hər döyüşdə belə hadisə ilə qarşılaşmırsan. Özümü göstərdim. Yenidən müqaviləm var idi və növbəti döyüşü qəbul etdim. İstərdim ki, həmin qarşılaşmada əlimi qaldırsınlar, amma problem deyil. Məqsədim bu versiyada kəməri qazanmaqdır.
– Növbəti döyüşə hazırlıqların davam edir. Son qarşılaşma ilə müqayisədə bu dəfə nəyi fərqli edəcəksən?
– Düz diqqət etmisən, qardaş. Böyük ehtimalla, bir az daha diqqətli olacağam. Son döyüşdə çox ağır mübarizə apardım. Hazırda isə özümü çox güclü hiss edirəm. Əslində, əvvəlki döyüşdən sonra istirahət etməli idim. Çünki üç ay əziyyət çəkmişdim. İndi də iki ay ağır hazırlıq keçmişəm. Təbii ki, cavanyam və gəncliyimdən istifadə edirəm, amma yenə də istirahət etmək lazımdır. Bu döyüşdən sonra böyük ehtimalla dincələcəyəm. Hazırda özümü çox yaxşı hiss edirəm. Mənə elə gəlir ki, karyeramın ən yaxşı formasındayam.
– Rəqibini analiz etmisən. Onun üstün və zəif cəhətləri barədə nə deyə bilərsən?
– Açığını deyim, yaxşı rəqibdir. 66 kq çəki dərəcəsində reytinqdə səkkizinci yerə qədər yüksəlmişdi. Təcrübəli, dözümlü döyüşçüdür və arxasında yaxşı komanda var. Nokaut gücü də var, əlləri yaxşı işləyir. Amma mənə elə gəlir ki, mənim üçün ciddi problem yaratmayacaq. Psixologiyam bir qədər fərqlidir. Düzdür, rəqibimi özümdən zəif hesab etmirəm, amma öz hazırlığıma və vəziyyətimə güvənirəm. İnşallah, hər şey yaxşı olacaq.
– Rəqibinin güləş bazası var, eyni zamanda nokaut gücünə malikdir. Bu qarşılaşmada ondan daha çox güləş, yoxsa zərbə mübadiləsi gözləyirsən?
– Düz deyirsən, güləşi yaxşıdır. Amma döyüşlərinə baxanda daha çox nokautla qalib gəldiyini görürük. Mənimlə ayaqüstə döyüşməsi onun üçün yaxşı olmayacaq. Böyük ehtimalla, ilk raunddan, ilk dəqiqələrdən məni güləşə aparmağa çalışacaq. Çünki rəqibə yaxşı təzyiq göstərə bilirəm. Düşünürəm ki, güləşməyə çalışacaq, amma ayaqüstü döyüşdən və əllərindən də istifadə edəcək.
– Rekordunda 12 qələbənin 9-u submission ilə əldə olunub. Səni analiz edən döyüşçü əslində səninlə güləşməməlidir. Çünki səni yerə aparsa belə, boğma fəndləri ilə təhlükə yarada bilirsən. Buna baxmayaraq, rəqiblərin niyə səninlə güləşməyə üstünlük verirlər?
– Açığını deyim, ayaqüstü döyüşdə onları vurduğum üçün çoxu məcburən ayaqlarıma giriş edir və güləşməyə çalışır. Mənim də qrapplinqim yüksək səviyyədə olduğu üçün onların başqa çıxış yolu qalmır. Nəticədə onları boğuram.
– Öz çəki dərəcəndə özündən başqa ən təhlükəli hesab etdiyin döyüşçü kimdir?
– Hazırda UFC-də çempion Petr Yandır. Böyük ehtimalla, onunla qarşılaşmaq istərdim. Amma hazırda bu çəki dərəcəsində ən yaxşısı mənəm.
– Gələcəkdə başqa çəki dərəcəsinə keçmək planın var?
– Əlbəttə. Mənim bədən quruluşum 66 kq üçün də uyğundur. 61 kq çəki vermək mənim üçün çətindir. Böyük ehtimalla, gələcəkdə bu çətinlikdən qurtulub 66 kq-a keçmək istəyirəm.
– Son döyüşlərində, xüsusilə yarımfinal qarşılaşmasında UFC rəhbərliyinin də diqqətini çəkmişdin. Finaldan sonra UFC prezidenti ilə aranızda söhbət oldumu?
– Xeyr, elə bir söhbət olmayıb. Amma Dana Vayt məni çox yaxşı tanıyır. Döyüşdən sonra onunla görüşməyə getmişdim. Final qarşılaşmasından sonra da orada olmuşdum. Sonuncu dəfə onunla görüşəndə artıq bir müddət keçmişdi.
– Azərbaycan MMA-sında səndən gözləntilər böyükdür. Bu, sənə psixoloji təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
– Təbii ki, motivasiya verir.
– UFC çempionu olmaq üçün özündə ən çox hansı xüsusiyyəti inkişaf etdirməlisən?
– Məncə, çempion olmaq üçün güclü düşüncə tərzi və iradə lazımdır. Böyük xəyalların olmalı, özünə inanmalısan.
– Gələcəkdə UFC-nin Azərbaycanda keçiriləcək turnirlərindən birində döyüşmək istəyərsən?
– Əlbəttə. Hamımız vətənimizdə döyüşmək istəyirik. İnşallah, mən də Azərbaycanda döyüşəcəyəm.
– Rəqibin Pavel Andruşka karyerasında hələ məğlub olmayıb. Bu amil sənə əlavə təzyiq yaradır?
– Təbii ki, yox. Əksinə, onun məğlubiyyətsiz olmasına sevinirəm. İlk məğlubiyyətini mən ona yaşadacağam. Mənim karyerama baxsanız, bir çox rəqibimə məğlubiyyət yaşatmışam. Hətta karyeramda 10 məğlubiyyətsiz rəqibə qalib gəldiyim hallar da olub. Vaxtilə məğlubiyyətsiz olan döyüşçülərə qalib gəlmişəm. Son döyüşlərimdən birində də belə nəticə əldə etmişəm. İnşallah, bu dəfə də eyni hal təkrarlanacaq.
– ABŞ-da Nurməhəmmədov qardaşları ilə bağlı baş verən hadisə barədə də fikrini bilmək istərdim. Həmin hadisədən sonra bu mövzuda Merab Dvalişvili ilə danışmısan?
– Bu barədə danışmamışam. Hadisəyə münasibətimə gəlincə, bəlkə də, yaxşı hərəkət deyil. Amma onlar öz aralarında danışmayıblar.
– Azərbaycan və UFC azarkeşlərinə döyüş öncəsi hansı mesajı vermək istərdin?
– Çox güclü döyüş nümayiş etdirməyə çalışacağam. Hər zaman istədiyimiz nəticəni əldə edə bilmirik. Son döyüşdən də dərs çıxardım. Bəzən gözlənilməz hadisələr baş verir. Amma çox yaxşı hazırlıq keçmişəm və özümə inanıram. İnşallah, vətənə qələbə ilə qayıdacağam. Artıq altı aydır Azərbaycanda deyiləm. Sonuncu dəfə cəmi iki-üç həftə vətəndə qalmışdım. Bakı, Azərbaycan, yeməklərimiz və insanlarımız üçün çox darıxmışam. Həqiqətən vətən həsrəti çəkirəm. İnşallah, çempion kimi qayıdanda hər şeyi deyəcəyəm.
– Sən Azərbaycanda böyümüsən və burada formalaşmısan. Azərbaycan MMA-sının hazırkı vəziyyətini də yaxşı bilirsən. Bu il TAF 34-də də iştirak etdin. UFC-nin Bakıda turnir keçirməsi Azərbaycan MMA-sına nə kimi təkan verdi? Hazırda UFC-də altı azərbaycanlı döyüşçü var. Bu inkişafı necə qiymətləndirirsən?
– Həmin iki döyüşçü də Azərbaycan tarixini yüksəldir, ölkəmizin adını təmsil edir. Millətimizin adı ilə döyüşürlər. Mən onlar arasında fərq görmürəm. UFC-nin Azərbaycana gəlməsi MMA idmanının inkişafı üçün çox böyük təkan oldu. Mən UFC-yə daha çətin yolla gəlmişəm, TAF vasitəsilə təşkilata qoşulmuşam. Bu baxımdan, UFC-nin Azərbaycanda turnir keçirməsinin çox böyük üstünlükləri var. Bildiyim qədərilə, UFC ilk dəfə Qafqaz ölkəsinə gəldi və bu ölkə Azərbaycan oldu. Bu, dövlətimizin gənclərimiz və idmanımız üçün maksimum səviyyədə çalışdığını göstərir. Cənab nazirimizə və cənab Prezidentimizə göstərilən diqqətə görə təşəkkür edirəm. UFC-nin Azərbaycana gəlməsi gənclərimizin MMA və digər idman sahələrində inkişafı üçün böyük imkanlar yaradıb.
Bahar RÜSTƏM



No Comment! Be the first one.