Musa Qurbanlı: Xarakter göstərdik və layiq olduğumuz qələbəni qazandıq
“Qalib gəldiyimiz üçün xeyli məmnunuq. Qələbəni çox istəyirdik”.
Sportify.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı evdə Ukraynanın “Dinamo Kiyev” komandasına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.
24 yaşlı hücumçunun sözlərinə görə, komanda üçün son oyunlar bir qədər gərgin alınıb: “Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstan MOİK-inə 2 heç-heçə və penaltilərlə uduzduqdan sonra “Dinamo Kiyev”ə də səfərdə yenilmişdik. Amma biz yenə də özümüzə inanırdıq. Ona görə ki, belə çətin qarşılaşmalarda xarakter göstərdiyimiz hallar çox olub. Yenə eyni xarakter sərgiləyərək, geridönüş edə biləcəyimizi düşünürdük. Bunu bacardığımıza görə sevincliyik”.
Qurbanlı əsas mərhələyə yüksəlməyi hədəflədiklərini diqqətə çatdırıb: “Pley-off mərhələsində Niderland “Tvente”si ilə qarşılaşacağıq. Hədəfimiz əsas mərhələyə vəsiqə qazanmaqdır. “Tvente” ilə indiyədək iki ayrı-ayrı mövsümdə üz-üzə gəlmişik. İlk dəfə iki oyununun yekununda daha üstün tərəf olaraq, Avropa Liqasının qrupuna düşmüşük. Bu dəfə də qalib gələrək, əsas mərhələyə yüksəlmək istəyirik. Məqsədimiz budur.
O, bərpa prosesindən sonrakı durumu barədə isə bunları deyib: “Öz üzərimdə, hər gün inkişaf etməyə, oyunumu artırmağa, baş məşqçimiz Qurban Qurbanov şans verdiyi təqdirdə, əlimdən gələni etməyə, özümü doğrultmağa çalışıram. Özümə güvənirəm və düşünürəm ki, hər şey həm komandam, həm də özüm üçün yaxşı olacaq”.
Forvard “Qarabağ”dakı dəyişikliklərin komandaya müsbət təsir edəcəyinə inam ifadə edib: “Gedənlər və gələnlər, bir çox dəyişikliklər oldu. Düşünürəm ki, vaxt keçdikcə, daha da yaxşı olacağıq”.


No Comment! Be the first one.