İdman TV-də yeni mövsüm həyəcanı
Dünya idmanının aparıcı yarışlarını izləyicilərə təqdim edən İdman TV yeni mövsümdə də zəngin yayım proqramı ilə azarkeşlərin qarşısına çıxacaq.
Sportify.az xəbər verir ki, kanal İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası və futbolun ən köklü turnirlərindən biri olan FA Kubokunun Azərbaycanda eksklüziv yayım hüququna sahibdir.
Azarkeşlər Premyer Liqada çempionluq, avrokuboklara vəsiqə və elitada qalmaq uğrunda mübarizəni, La Liqada isə “Real Madrid”, “Barselona”, “Atletiko Madrid” və digər nəhəng klubların oyunlarını canlı izləyə biləcəklər. Bir müddət fasilədən sonra FA Kubokunun da yenidən İdman TV ekranlarına qayıtması diqqətçəkən yeniliklərdəndir.
Yeni mövsümün əsas hadisələrindən biri isə Bundesliqanın geri dönüşüdür. “Bavariya”, “Borussiya Dortmund”, “Leypsiq”, “Bayer Leverkuzen” və digər alman klublarının qarşılaşmaları həm televiziyada, həm də İdman TV-nin “YouTube” platformasında yayımlanacaq.
Basketbolsevərlər də diqqətdən kənarda qalmayacaq. Avropanın ən nüfuzlu klub turniri olan Avroliqa mövsüm ərzində canlı nümayiş etdiriləcək. “Fənərbağça”, “Anadolu Efes” və “Beşiktaş” kimi Türkiyə klublarının iştirakı isə turnirə əlavə maraq qatacaq.



No Comment! Be the first one.