Dambrauskas: Mövcud heyəti gücləndirmək lazımdır
Misli Premyer Liqasının 1-ci turunda “Sabah” doğma meydanda “Kəpəz”i qəbul edib.
Sportify.az xəbər verir ki, qarşılaşma Masazır təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas komandasının çıxışını dəyərləndirib.
Litvalı mütəxəssis ilk növbədə qazanılan 3 xalı önə çəkib:
“3 xal qazandığımız üçün futbolçularıma təşəkkür edirəm. Fərdi çıxışlar üzərində çox dayanmaq istəmirəm. Mənim üçün əsas olan qələbədir, hətta oyun ideal olmasa belə. Ağır və emosional baxımdan gərgin matç keçirdik. Heyətdə ciddi dəyişikliklər olmuşdu. Buna görə meydana çıxan futbolçuları sərt şəkildə qiymətləndirmək ədalətsiz olardı”.
Dambrauskas ilk hissədə komandasının istədiyi futbolu göstərə bilmədiyini, fasilədən sonra isə müəyyən düzəlişlər etdiklərini bildirib:
“İlk hissədə istədiyimiz futbolu nümayiş etdirə bilmədik və tələsik qərarlar qəbul etdik. Fasilədən sonra müəyyən düzəlişlər etdik və vəziyyəti dəyişdik. Rəqibə qol epizodları yaratmağa imkan vermədik, müdafiəçilərimiz inamlı çıxış etdilər. Xoşbəxtlikdən, qələbəni əldə edə bildik”.
Baş məşqçi qarşıdakı “Hapoel Beer-Şeva” görüşünün də çətin keçəcəyini vurğulayıb:
“İndi növbəti oyuna hazırlaşmalıyıq. Bizi “Hapoel Beer-Şeva”ya qarşı çox çətin matç gözləyir”.
Dambrauskas “Sabah”ın eyni vaxtda üç turnirdə mübarizə aparmasının heyətin genişliyi baxımından çətinlik yaradacağını da etiraf edib.
“Mən başa düşürəm ki, eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq. Lakin biz 50 futbolçu sifariş edib üç fərqli heyətlə oynaya bilmərik. İlk dəfə üç cəbhədə mübarizə aparacağıq. Elə həftələr olacaq ki, üç oyun keçirməli olacağıq. Vəziyyəti anlayırıq və bunun həllini tapacağıq”.
Mütəxəssis hazırkı heyətin imkanlarını yüksək qiymətləndirib:
“Bu gün iştirak ərizəsində 23 futbolçu var idi və onların bəzilərinə istirahət verdik. Həqiqətən, keyfiyyətli futbolçu seçimimiz var. Bu gün qapını 20 yaşlı azərbaycanlı qapıçıya etibar etdik”.
Dambrauskas yeni transferlərdən daha çox mövcud heyətin gücləndirilməsinin vacib olduğunu bildirib:
“Mövcud heyəti gücləndirmək lazımdır, sadəcə yeni transferlər etmək yox. Bununla belə, bizə uyğun futbolçu variantı ortaya çıxarsa, onu komandaya dəvət etməyə hazırıq. Çempionlar Liqasının pley-off mərhələsinə məhz bu heyətlə yaxınlaşırıq və nəticələrimiz də onun yüksək səviyyəsini təsdiqləyir”.



No Comment! Be the first one.