Mourinyo 6 futbolçunu toxunulmaz seçdi
İspaniyanın “Cadena SER” radiosu yeni baş məşqçi Joze Mourinyonun “Real Madrid”də əsas heyətdə dəyişməz hesab etdiyi 6 futbolçunun adını açıqlayıb.
Sportify.az xəbər verir ki, bu siyahıya qapıçı Tibo Kurtua, müdafiəçi Mark Kukurelya, yarımmüdafiəçi Cud Bellinqem, həmçinin hücumçular Kilian Mbappe, Yan Diomande və Vinisius Junior daxildir.
Bildirilir ki, “Real Madrid”də 9-cu mövsümünə başlayacaq Kurtua əsas qapıçı olacaq. Kukurelyanın isə sol cinah müdafiəsində əsas seçim kimi çıxış edəcəyi gözlənilir. Mourinyo mövsüm ərzində müdafiənin mərkəzində rotasiyalara əl ata bilər. Bu mövqedə bir neçə variantın olduğu qeyd edilir. Lakin mövsümün əvvəlində Din Heysen və İbrahima Konatenin daha çox şans qazanacağı gözlənilir.
Sağ cinah müdafiəsində isə vəziyyət daha qeyri-müəyyən görünür. Trent Aleksander-Arnold və Denzel Dumfris baş məşqçinin gözündə toxunulmaz futbolçu statusuna malik deyil.
“Real Madrid”in yarımmüdafiəsində seçim imkanları daha genişdir. Komanda mövsümə uruqvaylı Federiko Valverde və fransalı Orelyen Tçuameninin iştirakı ilə başlaya bilər. Mourinyo daha çox topa nəzarət edən futbolçuya üstünlük versə, yeni transfer Bernardo Silvanı da meydana buraxa bilər. Mənbə Eduardo Kamavinqanın rolunun isə azaldığını və onun artıq daha çox simvolik əhəmiyyət daşıdığını bildirir.
Hücum xəttində isə əsas heyətə düşəcək futbolçularla bağlı ciddi sual yoxdur. Cud Bellinqemin hücumameyilli yarımmüdafiəçi mövqeyində yenidən əsas heyətdə yer alacağı, Vinisius Junior, Yan Diomande və Kilian Mbappenin isə hücum üçlüyünü tamamlayacağı gözlənilir.
“Real Madrid” La Liqa mövsümünə uzunmüddətli zədə səbəbindən Rodriqo və Eder Militao istisna olmaqla, bütün futbolçularının xidmətindən yararlanaraq başlayacaq.



No Comment! Be the first one.