Avropa çempionatı: Millimiz pley-off mərhələsində - YENİLƏNDİ
Bakının ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında C qrupunun dördüncü günündə iki görüş keçirilib.
Sportify.az xəbər verir ki, ilk olaraq Niderland və Portuqaliya yığmaları üz-üzə gəliblər.
Qarşılaşmadan “narıncılar” 3:0 hesablı üstünlüklə ayrılıblar.
Günün növbəti qarşılaşmasında Azərbaycan və Rumıniya yığmaları üz-üzə gəliblər. Görüşə daha yaxşı başlayan milli ilk iki seti öz xeyrinə başa vurub. Növbəti iki setdə isə rəqib üstün olub. Hesab 2:2 olduğundan, qalibin müəyyənləşməsi üçün tay-brekə ehtiyac yaranıb. Həlledici setdə daha dəqiq oynayan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv 15:8 hesabı ilə qalib gəlib və görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb. Bununla da Azərbaycan millisi pley-off mərhələsinə vəsiqəni təmin edib.
Beləliklə, dördüncü günün yekununda 3 oyundan 3 qələbə qazanan Azərbaycan millisi 8 xalla C qrupunda liderliyini qoruyur. Belçika və Niderland yığmaları 5 xalla (2 oyun, 2 qələbə) müvafiq olaraq, 2-3-cü pillələrdə qərarlaşıblar. Rumıniya 2 xalla (2 oyun, 2 məğlubiyyət) 4-cü, İspaniya 1 xalla (2 oyun, 2 məğlubiyyət) 5-ci yerdədir. Xalı olmayan Portuqaliya isə altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, C qrupunda növbəti oyunlar avqustun 25-də keçiriləcək. Saat 15:30-da Rumıniya – Belçika, saat 18:30-da isə Niderland – İspaniya qarşılaşmaları baş tutacaq.
Avropa çempionatı
C qrupu
24 avqust (4-cü gün)
15:30. Niderland – Portuqaliya – 3:0 (25:21, 25:18, 25:23)
18:30. Azərbaycan – Rumıniya – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8)
Bakı, Milli Gimnastika Arenası.


No Comment! Be the first one.