Valdas Dambrauskas: Məsələni 90 dəqiqə içində həll edəcəyik
“Öz səhvlərimizdən nəticə çıxarmışıq. O səhvləri ki, biz ötən həftə etmişdik. Futbolçularımız sağlam və hazırdırlar. Ümidvarıq ki, sabahkı oyun çox həyəcanlı olacaq. Təbii ki, 1 top fərqi ilə məğlub durumdayıq. Amma azarkeşlərimizə onu demək istəyirik ki, tam hazırıq və nəticəni dəyişmək istəyirik. Komandamın bunun öhdəsindən gələcəyinə tam əminəm”.
Sportal.az xəbər verir ki, bunu “Sabah” komandasının baş məşqçisi Valdas Dambrauskas Bakıda İsrailin “Hapoel Beer Şeva” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.
Daha sonra litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
– Tofiq Bəhramov adına Respublika stadionunda oynamağınız komandanızın ritmini dəyişməyəcək?
– “Bank Respublika Arena” böyük azarkeş kütləsi üçün yetərli deyildi. Ona görə də burada böyük izdihamı qarşılayacağımıza ümid edirik. Düşünürəm ki, oyunçularımız peşəkardırlar. Ölkədaxili yarışlarda burada istər ev, istərsə də səfər matçı keçirməyimizin bizim üçün fərqi yoxdur. Respublika stadionunda ötən mövsüm Azərbaycanın ən yaxşı komandası “Qarabağ”la 3 dəfə üz-üzə gəlmişik, heç-heçə də etmişik, qələbə də qazanmışıq. Düşünürəm ki, bura bizim üçün tanış stadiondur və azarkeşlər çox mükəmməl atmosfer yaşadacaqlar və biz sabahkı oyundan sonra da buranı unutmayacağıq, stadion dəyişməyimiz bizə heç bir təsir göstərməyəcək.
– “Sabah” tarixinin ən böyük uğuruna artıq ən azı Avropa Liqasının əsas mərhələsini təmin etməklə nail olub. Bəs baş məşqçi olaraq, özünüz üçün də ən böyük uğur adlandıra bilərsiniz?
– Açığı, mən bunun haqqında düşünmürəm. Bu, mənim üçün növbəti oyundur. Əvvəllər də mən rəhbərlik etdiyim komanda ilə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmışam. Bu, bir müddət əvvəl olub. Mən təcrübə və biliklərimdən istifadə edərək, komandanı növbəti mərhələyə daşıya biləcəyimizə ümid edirəm. Komandamız mümkün qədər əlindən gələni edəcək. Sabah bizim üçün növbəti oyundur. İnanıram ki, biz mükəmməl vəziyyətdəyik. Çempionlar Liqasının I və II təsnifat mərhələlərindən başlayan komandalar texniki heyət və futbolçularının köməyi olmadan mərhələ adlaya bilməzlər. Cavab görüşünə bir top fərqi ilə geridə çıxacağıq. Hər kəs bir topluq fərqdən üstünlük kimi istifadə etməlidir. Biz də istisna deyilik. Komandanın çox gözəl keyfiyyətli oyunçuları var. Hamısını analiz etmişik. Diqqət mərkəzimdəki əsas məsələ sabahkı oyunun böyüklüyüdür. Yalnız qələbə qazamağı düşünürük.
– 1:2 hesablı məğlubiyyətdən sonra komandanızın oyunundakı əsas dəyişikliyi nədə görəcəyik?
– Təbii ki, əsas dəyişikliklər və ilk “11-lik”lə bağlı danışmaq istəmirəm. Amma əsas məsələ budur ki, daha aqressiv və daha istəkli oynayaq. Topla və topsuz vəziyyətlərdə əlimizdən gələni etməliyik. İlk oyunda ola bilsin ki, imkanlardan istifadə etmədik. “Qarabağ”ın da oyunlarında belə məqamlar ortaya çıxa bilər. “Hapoel Beer Şeva”nın da oyununu yüksək qiymətləndirməliyəm. Onların da, bizim də yaxşı imkanlarımız oldu. Bəlkə burada bəxt amili də bir az rol oynadı. Onlar üçün çox mükəmməl şans yarandı. Birinci hissədə rəqibin müəyyən şansları yox idi. İkinci hissədə isə daha çox çalışdılar ki, üstünlüyü ələ alsınlar. Biz də boşluqlarımızı doldurmağa və oyuna nəzarət etməyə çalışdıq. Ümidvarıq ki, o səhvləri sabah təkrarlamayacağıq və yanlışlıqlarımızdan nəticə çıxaracağıq.
– Oyunun əlavə vaxta getmə ehtimalını da nəzərə alaraq, penalti seriyasına hazırlaşmısınız? Rəqib buna hazırlaşıb…
– Əlbəttə, buna da hazır olmalıyıq. Biz bilmirik ki, nə baş verəcək. Ola bilsin, əlavə vaxt da, penalti vuruşları da olacaq. Ona görə də futbolda hər şey mümkündür. Ümid edir və inanıram ki, bunu 90 dəqiqə içində həll edəcəyik.



No Comment! Be the first one.