Coy Lens Mikels: Öz ölkəmin klublarını istəyirəm
“Həqiqətən də inanılmaz hisslərdir”.
Sportify.az-ın məlumatına görə, bunu “Sabah”ın futbolçusu Coy Lens Mikels İsrailin “Hapoel Beer Şeva” komandasını UEFA Çempionlar Liqasının pley-off mərhələsində əlavə vaxtda üstələyərək (1:2, 5:2) əsas mərhələyə vəsiqə qazandıqları cavab görüşündən sonra deyib.
Almaniyalı hücumçunun sözlərinə görə, rəqib 1:0 hesabı ilə öndə olarkən də geridönüş edə biləcəklərinə inamları olub: “İki qol vurub oyunu əlavə vaxta daşıyacağımıza da inanırdıq. Baş məşqçimiz Valdas Dambrauskas ilk matçla müqayisədə heyətdə müsbət dəyişikliklər etmişdi. Rəqibə daha çox irəlidə təzyiq edirdik. Qeyd etməliyəm ki, “Hapoel Beer Şeva” da çox yaxşı komandadır, topu özlərində yaxşı saxlayırlar. Buna baxmayaraq, çox xoşbəxtik ki, mərhələni adlayan tərəf biz olduq”.
“Sabah”ın əlavə vaxtda son qolunu vuran 32 yaşlı forvard ilk hissədə qaçırdığı əlverişli imkandan da danışıb: “Bəli, Kahim Parrisin zərbəsindən sonra dirəkdən qayıdan topa çata, digər epizodda da fərqlənə bilmədim. Amma elə mentalitetim var ki, heç vaxt təslim olmuram. Buna görə də oyunun sonlarında istədiyimiz qolları vura bildik”.
Mikels Çempionlar Liqasının əsas mərhələsində qarşılaşmaq istədiyi rəqiblərin adlarını da açıqlayıb: “Bunlar İspaniyanın “Real Madrid” və “Barselona”, həmçinin doğulub boya-başa çatdığım Almaniyanın “Bavariya” və “Borussiya Dortmund” komandaları ola bilər. Həqiqətən də öz ölkəmin təmsilçiləri ilə qarşılaşmaq istərdim”.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin püşkü avqustun 27-də atılacaq.


No Comment! Be the first one.