İdmançımız Fransada qızıl medal qazandı
Azərbaycan stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirillən “Euro Mini Champs” yarışında qızıl medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportify.az-a verilən məlumata görə, Mirzəbalayeva 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində ilk 3 mərhələni lider kimi başa vurub.
O, 1/8 finalda moldovalı, 1/4 finalda isə fransalı rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə İsveçrə təmsilçisi ilə qarşılaşan istedadlı idmançı 3:0 hesablı qələbə ilə mini Avropa çempionatı adlandırılan nüfuzlu yarışın finalına vəsiqə qazanıb.
Həlledici görüşdə turnirin ötənilki qalibi Kaja Tvorogalla qarşılaşan Mirzəbalayeva latviyalı rəqibinə də 3:1 hesabı ilə qalib gələrək, “Euro Mini Champs”ın baş mükafatına layiq görülüb.
Qeyd edək ki, bu, Azərbaycan stolüstü tennisçilərinin sözügedən yarışda qazandığı ilk qızıl medaldır. Bundan əvvəl Onur Quluzadə analoji yarışın bürünc mükafatına sahib çıxmışdı.



No Comment! Be the first one.