"Sabah" BOS-a gedir
“Sabah” komandası UEFA Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirə bilər.
Sportify.az-ın əldə etdiyi məlumata görə, klub hələlik ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi ilə bağlı müvafiq qaydada müraciət etməyib.
UEFA-nın rəsmi saytında da “Sabah”ın Çempionlar Liqasında rəqiblərini hansı stadionda qəbul edəcəyi hələ dəqiq göstərilməyib.
BOS son olaraq dünya səviyyəli COP29 və WUF13 tədbirlərinə ev sahibliyi edib. Tədbirlərdən sonra stadionun ot örtüyü bərpa olunmayıb.
Hazırda “Sabah” rəhbərliyi BOS-un Çempionlar Liqasının oyunlarınadək tam hazır vəziyyətə gətirilməsi istiqamətində işləri sürətləndirib. Xüsusən böyük azarkeş kütləsinə malik rəqiblərlə oyunların daha çox tamaşaçı tutumuna malik stadionda keçirilməsi nəzərdən keçirilir.
Klub prezidenti Maqsud Adıgözəlov da “Report”a açıqlamasında hazırda bu məsələ üzərində çalışdıqlarını və mümkün variantları nəzərdən keçirdiklərini bildirib:
“Burada azarkeş marağı ilə yanaşı, təşkilati və texniki məsələlər də nəzərə alınmalıdır. Yekun qərar qəbul edildikdən və dəqiq məlumat müəyyənləşdikdən sonra klub bunu rəsmi şəkildə açıqlayacaq. Buna görə də indidən hadisələri qabaqlamaq istəməzdim”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasındakı ilk ev oyununda oktyabrın 13-də Çexiyanın “Slaviya Praqa” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund”, noyabrın 25-də İspaniyanın “Barselona”, 2027-ci il yanvarın 20-də isə İtaliyanın “Napoli” komandalarını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionu 31 min, Bakı Olimpiya Stadionu isə 68 min tamaşaçı tutumuna malikdir.



No Comment! Be the first one.