Azər İsazadə: Bakı Olimpiya Stadionunu Çempionlar Liqasına hazırlama təcrübəmiz var - EKSKLÜZİV
“Hələlik bizə rəsmi müraciət daxil olmayıb. Müraciət olarsa, müvafiq addımlar atılacaq”.
Bunu Sportify.az-a açıqlamasında Bakı Olimpiya Stadionunun direktor müavini Azər İsazadə “Sabah” komandasının UEFA Çempionlar Liqasındakı ev oyunlarını ölkənin ən böyük arenasında keçirəcəyinə dair iddialara münasibət bildirərkən deyib.
İsazadənin sözlərinə görə, BOS-un qısa müddətdə istifadəyə hazır vəziyyətə gətirilməsi ilə bağlı təcrübə mövcuddur. O, 2017/18 mövsümündə “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində ev oyunlarını BOS-da keçirdiyini xatırladıb: “2017/2018 mövsümündə “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanarkən, ev oyunlarını BOS-da keçirmişdi. Həmin ilin mayında arenamızda V İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi təşkil olunmuşdu. İslamiadadan sonra stadionumuzun ot örtüyünü bizə bildiriş daxil olandan qısa müddət sonra qaydasına sala bildik. Yəni, artıq belə bir təcrübəmiz var. İndi də “Sabah”ın rəqibləri müəyyənləşdikdən sonra ehtimal etdik ki, analoji variant ortaya çıxa bilər”.
BOS-da bu il WUF-13 (Ümumdünya Şəhərsalma Forumu) keçirildiyini deyən klub rəsmisi hazırda arenada demontaj işlərinin aparıldığını qeyd edib.
İsazadə stadionda əsas məsələnin ot örtüyünün yenilənməsi olduğunu, bunun isə xüsusi texnologiyalar vasitəsilə qısa müddətdə həyata keçirilə biləcəyini vurğulayıb: “Ot örtüyünü isə xüsusi texnologiyalarla qısa müddətdə döşəmək mümkündür. Müvafiq qərar verilsə, bu işi də yerinə yetirməkdə problem olmayacaq”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasındakı ilk ev oyununda oktyabrın 13-də Çexiyanın “Slaviya Praqa” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu oktyabrın 20-də Almaniyanın “Borussiya Dortmund”, noyabrın 25-də İspaniyanın “Barselona”, 2027-ci il yanvarın 20-də isə İtaliyanın “Napoli” komandalarını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionu 31 min, Bakı Olimpiya Stadionu isə 68 min tamaşaçı tutumuna malikdir.


No Comment! Be the first one.